Yerli rezident olan şirkət kənar işçilərə, məsələn, partnyorlara, başqa ölkələrdə yerləşən nümayəndəlik ofislərinin işçilərinə və s. görə ödənişlər edir. Bu halda, təyyarə biletləri, yemək və buna oxşar digər xərclərin gəlirdən çıxılmasına yol verilən və verilməyən qaydalar necə tənzimlənir?
Qarabağda iqtisadi fəaliyyət üçün texnika və xammal idxalı ƏDV-dən və gömrük rusumundan azad edilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən, Məcəllənin X fəslinə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.
Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub. Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilib.
Qaydanın 2.1-ci bəndinə əsasən, işçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər norma daxilində vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.
Qaydaya əsasən, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilən nümayəndəlik xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməsi üçün həmin xərclər nağdsız qaydada çəkilməli, əsaslandırılmalı və Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilməlidir.
Eyni zamanda, işəgötürən tərəfindən ezamiyyətə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar 2012-ci il tarixli 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin ezamiyyə qaydaları” ilə tənzimlənir. Həmin qaydalara əsasən, nəqliyyat xərclərinə - ezamolunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilmiş sənədlər əsasında ödənilir.
Yuxarıda qeyd olunan hallara əsasən, şirkət tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı xarici ölkələrə ezamiyyələr zamanı Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilmiş norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin ezamolunma yerinə getmək və qayıtmaq xərclərini təsdiq edən sənədlər əsasında işçiyə ödənilən nəqliyyat xərcləri gəlirdən çıxılan xərclərə aid edilir.
Əlavə olaraq ölkədaxili və xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilib.
Əlavə olaraq bildirilib ki, müraciətdə qaldırılan məsələlərə konkret hal üzrə dəqiq münasibət bildirilməsi üçün aparılan əməliyyat üzrə işin faktiki halları və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilə bilər.