Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir.
FED.az xəbər verir ki, 2023-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 164,7 milyon manatdan çox vergi daxil olub ki, bu da 2022-ci ilə nisbətən 24,2 faiz və ya 32,1 milyon manat çoxdur. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları 2022-ci illə müqayisədə 29,4 faiz və ya 36,6 milyon manat artıb.
2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasında 6.263 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 90,7 faizi fiziki, 9,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2022-ci illə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,8 dəfə, hüquqi şəxslərin sayı isə 8,5 dəfə artıb.
2023-cü il ərzində kommersiya qurumlarının 66 faizi elektron qaydada, 34 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.