Son dövrlər Azərbaycanda korporativ istiqraz bumu yaşanır. Əsasən maliyyə şirkətləri – BOKT-lar tərəfindən buraxılan yerli istiqrazlar müştərilərə kifayət qədər yüksək gəlirlilik təklif edir.
FED.az xatırladır ki, eyni zamanda ölkənin fond bazarı üzrə əsas ticarət meydançası olan Bakı Fond Birjasında sənaye və ticarət müəssisələri, hətta banklar arasında da istiqraz buraxılışları artır.
Üstəik bir qədər əvvəl Maliyyə Nazirliyi investorlar üçün həmişə maraqlı olan 3 illik (1080 günlük) dövlət istiqrazlarının buraxılışını bərpa edib və proqnozlara görə. Bu proses davam edəcək.
Bəs istiqraz bolluğunda necə seçim etmək lazımdır? Çoxsaylı və fərqli şərtlər təklif edən qiymətli ağızlardan hansına üstünlük vermək doğru olar?
Ölkənin qiymətli kağızlar bazarının əsas iştirakçılarından olan «Troni» investisiya şirkətinin ekspertləri ahzistiqraz seçimi ilə bağlı tövsiyələrini FED.az-a açıqlayıblar.
Qeyd edək ki, «Troni» şirkəti hazırda ölkədə istiqraz buraxılışlarının bir çoxunda anderrayter və marketmeyker kimi çıxış edir və həm emitentlər, həm də investorlarla əlaqəli işləyir.
Şirkətdən bildirilib ki, son dövrlərdə korporativ istiqrazlara marağın artmasının əsas səbəblərindən biri onların gəlirliliyinin bank depozitləri ilə müqayisədə daha yüksək olmasıdır.
Hazırda bəzi korporativ istiqrazların gəlirliliyi bank depozitlərindən təxminən 70 faiz yüksəkdir. Lakin yüksək gəlirlilik investorun qərar verərkən baxmalı olduğu ilk və yeganə meyar olmamalıdır.
İlk növbədə emitentin maliyyə dayanıqlığına, borclarını ödəmə qabiliyyətinə və fəaliyyətinin gəlirliliyinə diqqət yetirmək lazımdır. Yəni investor əvvəlcə “bu istiqraz mənə nə qədər gəlir gətirəcək?” sualından daha çox, “bu emitent öz öhdəliyini yerinə yetirə biləcəkmi?” sualına cavab tapmalıdır.
Bunun üçün investor emissiya prospekti ilə yanaşı, anderrayter investisiya şirkətinin emitent (emitent – yəni istiqrazı buraxan şirkət – FED.az) haqqında hazırladığı təhlil sənədinə də baxmalıdır.
Hər bir investorun maliyyə hesabatlarını və bazar göstəricilərini peşəkar səviyyədə təhlil etmək imkanı və ya vaxtı olmaya bilər. Bu, tamamilə normaldır. Məhz buna görə investisiya şirkətləri, o cümlədən «Troni» şirkəti emitentləri ətraflı təhlil edir və nəticələri investorun rahat başa düşə biləcəyi formada təqdim edir.
İkinci vacib məsələ - istiqrazın likvidliyidir. İnvestor yalnız nə qədər gəlir əldə edəcəyini deyil, ehtiyac yarandıqda həmin investisiyanı nə qədər rahat şəkildə pula çevirə biləcəyini də nəzərə almalıdır. Yəni istiqraza yatırım etdikdən bir qədər sonra investorın təcili pula ehtiyacı yarana bilər və həmin vaxt istiqrazların hamısının və ya bir hissəsinin satılması lazım gələ bilər. Bəzi hallarda istiqrazı təkrar bazarda satmaq çətin olur və ya bunun üçün böyük endirim tələb olunur. Bu vəziyyət investorun vəsait itiiməsi ilə nəticələnə bilər.
Bu baxımdan aktiv təkrar bazarı və xüsusilə marketmeykeri olan istiqrazlar investor üçün əlavə rahatlıq yaradır. Marketmeyker – təkrar bazarda istiqrazın geri alışını təşkil edən şirkətdir. Sadə şəkildə desək, marketmeykeri olan istiqrazları daha asanlıqla satıb pula çevirmək mümkündür.
Biz, yəni «Troni» şirkəti də anderrayter olduğumuz istiqrazlarda marketmeyker xidməti göstərməyə çalışırıq. Məqsədimiz yalnız istiqrazın ilkin yerləşdirilməsini həyata keçirmək deyil, investor üçün sonrakı mərhələdə də çıxış imkanını təmin etməkdir. Beləliklə, investor ehtiyac yarandıqda istiqrazını yığılmış faizlə birlikdə geri sata bilir. Eyni zamanda bu, bizim həmin emitentə və onun qiymətli kağızına olan inamımızı da göstərir.
Bundan sonra istiqrazın konkret buraxılış şərtlərinə baxmaq lazımdır. Faiz dərəcəsi, faiz ödənişlərinin tezliyi, müddət və digər şərtlər qiymətləndirilməlidir. Yəni iki istiqrazı yalnız faiz dərəcəsinə görə müqayisə etmək düzgün deyil.
«Ümumilikdə isə investorlara daha qısa müddətə daha yüksək gəlirlik olan istiqrazı almaq tövsiyə olunur. Amma marketmeyker xidməti varsa, istiqrazların müddətinin önəmi qalmır, çünki investor istədiyi vaxtda istiqrazı rahat satıb vəsaitini geri götürə bilər» - deyə şirkətdən bildirilib.













