Bildiyimiz kimi, yanvarın birindən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərdən gəlir vergisi üzrə güzəşt mexanizmi ləğv olunacaq və aylıq əmək haqqıdan 3%-dən başlayaraq gəlir vergisi tutulacaq. Bununla da şirkətlərin əmək haqqı xərcləri artacaq. Xərclərin çoxalması şirkətlərin maliyyə resurslarına təsir edəcək.
Ümumiyyətlə, əməkhaqqı şirkətlərin xərclərində nə qədər yer tutur? Verginin artması sahibkarların xərcini nə qədər atıra bilər?
Bu ildən özəl sektorda çalışan fiziki şəxslər nə qədər gəlir vergisi ödəyəcək?
Auditorlar Palatasının üzvü, müstəqil auditor Mehdi Babayev FED.az biznes və maliyyə xəbərləri portalına bildirib ki, iqtisadiyyatda əməkhaqqı xərclərinin şirkətin ümumi xərclərində payı sektor və sahəyə görə ciddi şəkildə fərqlənir: «Məsələn, emal, istehsal, xidmət, tikinti, bank sektoru, kənd təsərrüfatı, İT və peşəkar fəaliyyətlər, bank, ticarət və müxtəlif sektorlar üztə xərclərin təribində əmək haqqının xüsusi şəkisi fərqlidir.
Belə ki, istehsal sahələrində əməkhaqqı xərcləri 10%-dən 30-dək, xidmət sahələrində isə bu rəqəm 60%-dək qalxa bilir. Xüsusən peşəkar xidmət sahələrində - bank, İT, audit, maliyyə və sığorta sahələrində nisbətən əmək haqqı xərcləri yüksəkdir. Mədən çıxarma (neft, qaz) sahəsində də əmək haqqı yüksək olmasına baxmayaraq, əmək haqqı xərcinin ümumi xərclərin tərkibində xüsusi çəkisi aşağıdır».
M.Babayevin sözlərinə görə, əmək haqqından gəlir vergisinin tutulması işçilər tərəfindən əmək haqlarının artırılması tələbi ilə nəticələnə bilər. Çünki neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində 2026-cı ildə 2 min 500 manatadək əmək haqqından tutulmalarda gəlir vergisinin payı 3 % nəzərdə tutulub:
«Bu o deməkdir ki, işçinin ələ çatacaq əmək haqqı 3%-dək azalacaq. Məsələn, işçi 1000 manata görə 30 manat daha az (əsas iş yerində 200 manat güzəşt nəzərə alınmaqla 24 manat daha az), yəni 970 manat (və ya 976 manat) əmək haqqı alacaq».
Lakin mütəxəssis bildirir ki, bu 3% tutulmanın işəgötürənə və işçiyə mənfi təsiri o qədər də hiss olunmayacaq. Bununla yanaşı, istehsal, emal sahəsində - əgər işçilərin tələbi ilə əmək haqları artırılarsa - bu vəziyyət şirkətin gəlir marjasının və mənfəətinin aşağı düşməsinə gətirib çıxara bilər.
«Umumilikdə götürsək, əgər vergiyə görə, işçilərin tələbi ilə şirkətdə maaşlar artırılsa, bu hal - şirkətlərin xərclərini 1-3 faiz artıra bilər. Amma indi əmək haqlarının ciddi artımı gözlənilən deyil. Adətən şirkət və sahibkarlar əmək haqlarını rəsmi qaydada ölkə üzrə aylıq əmək haqqının minimum məbləği artanda qaldırırlar».
Bütün bunlar isə son nəticədə şirkətlərin təqdim etdiyi mal və xidmətlərin qiymətinin artmasına, yəni sonda inflyasiyaya da səbəb ola bilər. Mehdi Babayev bildirib ki, əmək haqqı xərclərinin artması məhsulların qiymətinə təsir edə bilər:
«Əgər şirkətlər tərəfindən işçilərin əmək haqlarında artımlar edərlərsə, belə artırılan xərclər məhsulların və xidmətlərin qismən bahalaşmasına təsir edə bilər. Lakin, bundan sui-istifadə edib qiymətləri kəskin qaldırmaq yolverilməzdir və belə hallara yol verən sahibkarları ədalətli olmağa çağırıram».










