“İaşə obyektlərində xidmətlə bağlı hələki problemlər var. Bunun səbəbi odur ki, bəzi işçilər öz xidmət sahəsinə peşə kimi yox, müvəqqəti bir proses kimi baxır, bunun üçün də peşəkarlıq artırılmır”.
FED.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsinin müvəqqəti icra edən Kənan Quluzadə “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
O, Azərbaycanda fəaliyyət göstərən restoranların xidmətindən danışıb: “Bu problemin üzərində işləyirik ki, normativ baza dəyişsin. COP29 bizim üçün bir fürsət idi. Həmin vaxt 249 restoran könüllü olaraq bizim təlimlərə qoşuldu. MDB oyunlarında da bu, təmin ediləcək. Milli Kulinariya komandası təlimlər keçirəcək. Yəni, beynəlxalq tədbirlər bizə peşəkarlığımızı artırmaqda kömək edir, təcrübə olur”.
***
Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova isə bildirib ki, Azərbaycanda kafe, restoranların qiymətləndirilməsi və sertifikatlaşdırılması baş tuta bilər.
“Dövlət Turizm Agentliyinin məqsədi restoran və kafelərin turizm obyektləri kimi fəaliyyətinin stimullaşdırılması, bu sahədə nəzarətin gücləndirilməsini və qarşılıqlı əməkdaşlığı təmin etməkdir. Kafe, restoranların qiymətləndirilməsi və sertifikatlaşdırılması ilə bağlı artıq müvafiq dövlət qurumları ilə danışıqlar aparılır”, - o bildirib.