2024-cü ildə Azərbaycanda turizm şirkətlərinin fəaliyyətində əhəmiyyətli canlanma müşahidə olunub. Belə ki, turagent və turoperatorların gəlirləri 2023-cü illə müqayisədə 87,6 milyon manat və ya 2,1 dəfə artaraq 166 milyon 392,3 min manata çatıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədə fəaliyyət göstərən turagent və turoperatorların sayı 2023-cü ilə (300 vahid) nisbətən 81 vahid və ya 27,0% artaraq 381-ə yüksəlib.
İllik müqayisədə bu sahədə çalışanların sayında da artım qeydə alınıb. Belə ki, işçilərin sayı 2023-cü ildəki 1 698 nəfərdən 434 nəfər və ya 25,6% artaraq 2024-cü ildə 2 132 nəfərə çatıb.
Turizm şirkətlərinin gəlirlərində olduğu kimi, xərclərində də kəskin artım müşahidə edilib. Məhsul (xidmət) istehsalına çəkilən xərclər 2023-cü ildəki 57 milyon 19,1 min manatdan 86,8 milyon manat və ya 2,5 dəfə artaraq 143 milyon 849,8 min manata yüksəlib.
Satılan turizm zərflərinin sayında da rekord artım baş verib. 2024-cü ildə 78 447 turizm zərfi satılıb ki, bu da 2023-cü ilin göstəricisindən (27 007 ədəd) 51 440 ədəd və ya 2,9 dəfə çoxdur.