Azərbaycanda "Dövlət satınalmaları haqqında" qanun 2024-cü il yanvarın 1-də qüvvəyə minəcək.
Məmməd Abbasbəyli: "Büdcə vəsaitləri birbaşa satınalmalar vasitəsilə effektiv istifadə edilə bilər"
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi" mövzusunda keçirilən tədbirdə deyib.
"Qanunun 2023-cü ilin iyulun 14-də imzalanmasına baxmayaraq tətbiqi 2024-cü il yanvarın 1-nə nəzərdə tutulub. Çünki bu müddət ərzində iki əsas məqama diqqət yetirirdik. Birinci məsələ kimi qanuna müvafiq olaraq normativ aktların hazırlanması vacib idi. Burda söhbət 20 ədəd normativ aktın qəbul edilməsindən gedir. İkinci məsələ isə bu müddət ərzində bazarın qanunun tətbiqinə hazırlanması idi.
Bu qanun 2024-cü ildə "yaşamağa başlayacaq" və müəyyən problemlər olacaq. Əminəm ki, hər birimiz bu qanunun tətbiqdə ola biləcək müəyyən məqamları qeyd etməliyik", - deyə M.Abbasbəyli əlavə edib.
O bildirib ki, bu qanunun əsasında BMT-nin və Avropa Birliyinin satınalmalar üzrə prinsipləri durur. Yəni bu prinsiplər şəffaflıq, bərabərlik, qərərsizlik, peşəkarlıq və keyfiyyət əsaslı rəqabətlilikdir, Dövlət Xidmətinin rəisi əlavə edib. (Report)