Xəbər verdiyimiz kimi, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aprelin 27-dən aradan qaldırılması barədə Baş Nazir qərar imzaladı. Fəaliyyətinə icazə verilən sahələrdən biri fərdi tədris və repetitor xidmətləri (qrupda ən çoxu 10 şagird olmaqla) müəyyən edilib. Nazirlər Kabinetinin qərarında deyilir ki, məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Yəni, repetitor xidmətini göstərən şəxsin əvvəl dərs keçdiyi yerə getməsi və evində repetitor kimi fəaliyyət göstərməsi üçün “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir. Müəllim gün ərzində istədiyi qədər repetitor kimi fəaliyyətini davam etdirə bilər, bir şərtlə ki, “icaze.e-gov.az” portalında qeydiyyatdan olsun. Repetitorun “icaze.e-gov.az” portalında qeydiyyatdakı xidmətdən istifadə etmək üçün elektron və ya ASAN imzasında “möhürvurma səlahiyyəti” olmalıdir. Repetitorun “möhürvurma səlahiyyəti”nin olması üçün isə VÖEN-i olmalıdır.
Təhsil eksperti Kamran Əsədov FED.az-a bildirib ki, repetitor gəlir əldə edirsə, sahibkardır: “Doğrudur, sahibkarların müxtəlif növləri var. Burada alınan və ya satılan görünməyən izafi dəyərdir. Yəni repetitorun məhsulu vaxtı və beynidir. Təbii ki, vaxt da dəyərdir. Dəyərlərin ölçülməsi və qiymətləndirmə sistemi var. Bu o deməkdir ki, repetitor gəlir əldə edirsə, vergisini verməlidir. Yeni qaydaya görə, 250 manata qədər olan gəlir və ya əməkhaqqı vergidən azaddır. Burada vergi şəffaflığı məsələsi var. Etiraf edək ki, Azərbaycanda vergi ödəmə mədəniyyəti formalaşmayıb. İnsanlar elə düşünür ki, qazandığı ona qalmalıdır. Təbii ki, insanlar uzun müddət bir çox məsələlərdə dövləti öz arxalarında görmədikləri üçün, dövlətə pul vermək məsələsinə isti baxmırlar”.
Ekspert deyir ki, aparılan monitorinqlər ölkədə 60 mindən çox bu və ya digər formada repetitor fəaliyyəti göstərənlərin olduğunu ortaya qoyub: “Təbii ki, sürücülük və digər kurslar vergi ödəyir. Amma vergini ödəməyən fərdi şəkildə dərs keçən, ibtidai sinif şagirdlərinə dərs keçənlər, məktəbəqədər uşaq hazırlığı ilə məşğul olanlar, ali məktəblərə abituriyent hazırlaşdıranlar, eləcə də dövlət qulluğuna hazırlaşdıran, xarici dil tədrisi ilə məşğul olan fərdi müəllimlərin sayı 60%-in üzərindədir. Kifayət qədər böyük bir kəsim var ki, onlar bu fəaliyyəti göstərirlər, amma vergi vermirlər. Bunun bir səbəbi Azərbaycanda DSMF ödənişlərinin kifayət qədər çox olmasıdır. Məsələn, müqayisə etsək Bakıda ortalama repetitor xidməti 100 manatdırsa, regionlarda bu, 30-60 manat arasında dəyişir. Müəllim bir uşaq hazırlaşdırırsa, DSMF-yə 62 manat ödəməlidir, üstəgəl, əldə etdiyi gəlirin 2%-ni”.
Kamran Əsədov hesab edir ki, repetitor işləyən şəxslərin vergi ödəmələri üçün, dövlət ayrıca qərar qəbul etməlidir: “Burada davamlı ödəniş məsələsi var. Repetitor hər ay eyni pulu almır. Bundan əlavə, bəzi ayda 10 uşaq olur, bəzi ayda şagirdlərin yarısı çıxır. Həmçinin, uşaqların hər biri eyni anda repetitora pul ödəmirlər, gecikmələr olur. Amma bütün hallarda repetitorlar üç ay ərzində nəyi əldə ediblərsə, onun vergisini ödəməlidirlər. Repetitorun vergi ödəyicisi olması üçün əlavə xərcləri yaranır. Məsələn, 3 illik ASAN imza 18 manatdır. Repetitorluq marketlər, ticarət mərkəzlərindən fərqli bir sahədir. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi hökumət qarşısında məsələ qaldırıb bunu dəyişməlidir. Çünki repetitorluq xidməti ilə məşğul olanların böyük əksəriyyəti həm də orta məktəbəqədər, ali məktəbəqədər müəllimdirlər. Onlar onsuz da əməkhaqqından 21% vergi ödəyirlər. Yaxşı olardı ki, ayrı bir yerdə işləyən repetitorlar vergi ödəsin, amma DSMF ödənişindən azad olunsun”.
Ekspert təklif edər ki, repetitorlara lisenziya vermək lazımdır: “Lisenziyanı o şəxslərə vermək lazımdır ki, həqiqətən də onların bu sahə üzrə təhsili və diplomu var, üstəgəl onun hazırlıq keçdiyi yerdə təhlükəsizlik qaydalarına riayət olunur. Bu gün Azərbaycanda təhsili olmayanlar belə, repetitorluqla məşğul olur. Lisenziyalaşdırma olsa, onlar həm sahibkar kimi vergiyə cəlb olunarlar, həm də valideynlər rahat olacaq ki, onun övladına dərs keçən müəllim dövlət tərəfindən nəzarətdədir. Amma bu gün hərə bir yerdə obyekt kirayələyir və ya evində iki partanı qoyub dərs keçir. Bu, tamamilə nəzarətsiz bir vəziyyətdir və mütləq çərçivəyə alınmalıdır”.
Kamran Əsədovun sözlərinə görə, repetitorlar vergi ödənişinə cəlb olunduqları təqdirdə, xidmət qiymətlərini də artıracaq: “Yaranmış xərc şagirdlər arasında bərabər bölünməlidir. Tutaq ki, bir müəllim ortalama 10 uşaq hazırlaşdırısa, bu müəllim üçün ciddi bir fərq yaratmamlıdır. 10 uşağı 50 manatdan hazırlaşdıranda 500 manat edir. 10 nəfər arasında 60 manat DSMF-ni böləndə 6 manat düşür. Vergini də daxil etsək yenə də ciddi artım yoxdur. 10 nəfərdən artıq şagirdə hazırlıq keçən müəllimlərin qiymət dəyişməsi yolverilməzdir. Bu hal 5-6 nəfərlə məşğul olanlara şamil oluna bilər”.
Mütəxəssis onu da qeyd edib ki, hazırda Bakıda fəaliyyət göstərən repetitorların aylıq gəlirləri bizneslə məşğul olanların gəlirindən dəfələrlə çoxdur: “Bakının Nərimanov, Yasamal rayonlarında fəaliyyət göstərən müəllimlər var ki, 180-200 uşaqla məşğul olurlar və ən azı 100-150 manata dərs keçirlər. Onların aylıq gəlirləri ölkədə istənilən bizneslə məşğul olan şəxsin gəlirindən dəfələrlə çoxdur. Bu gün aylıq gəliri 15-20 min manat olan kifayət qədər repetitorlar var, amma onlar vergi ödəmirlər. Təbii ki, onların qiymət artırması yolverilməzdir. Onlar müəllimlikdən süi-istifadə edirlər. Repetitorlar qeydiyyatsız fəaliyyət göstərdikləri üçün dövlətin iqtisadiyyatına, maliyyə axınına mənfi təsir göstərir”.