ABŞ-ın Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim Fariz Hüseynli: “Tələbələrin tələbləri də artır. Tələbə düşünür ki, mənim 5-10 il sonrakı vəziyyətə hazırlaşmağımda sənin müəllim kimi nə rolun var? Keçdiyin dərs mənə harada lazım olacaq? Bunu ona izah etməlisən”
Eləcə də bax: «Dövlət 9-11-ci siniflərdə təhsili hazırlıq kursları ilə əvəz etməlidir» - MÜSAHİBƏ
Maliyyədəki rəqəmlərin maraqsız olmadığını düşünür. Deyir ki, əksinə, o rəqəmlərin arxasındakı hekayələri görmək lazımdır.
Eləcə də bax: Keyfiyyətli biznes və iqtisadi təhsili - XARİCDƏ HARADA ALMAQ OLAR? – MÜSAHİBƏ
FED.az “Sizin psixologiyanız, davranışlarınız gəliriniz və xərclərinizdə əks olunur” deyən ABŞ-ın Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim Fariz Hüseynlinin müsahibəsini təqdim edir:
Qeyd edək ki, F.Hüseynli 1981-ci ildə Bakıda anadan olub. 1998-2000-ci illərdə Mərmərə Universitetinin bank işi fakültəsində, 2000-2003-cü illərdə isə İstanbul Universitetinin Biznesin idarə edilməsi fakültəsində bakalavr pilləsində təhsil alıb. Ardınca bir il İstanbul Universitetinin maliyyə fakültəsində magistr pilləsi üzrə təhsil alıb. Sonra təhsilini dondurub və Ball Dövlət Universitetində magistr təhsili almaq üçün ABŞ-a üz tutub. Biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2005-2009-cu illərdə Memfis Universitetinin doktoranturasında oxuyub. 2009-cu ildən Şimali Dakota Dövlət Universitetinin biznes fakültəsində çalışır. Ötən müddət ərzində o, baş müəllimdən professor vəzifəsinədək yüksəlib.
“Evdə o kitablar olmasaydı...”
- Fariz müəllim, atanız universitetdə maliyyə müəllimi olub. Bu sahəyə gəlişinizdə onun yönləndirməsi, yaxud maraq yaratması olub?
- Atamın birbaşa yox, dolayı təsiri olub. Bu təsir evdəki kitablar yolu ilə reallaşıb. Evdə müxtəlif sahələr üzrə kitablar var idi. Düzdür, atam heç vaxt deməyib ki, kitabları oxu. Amma mən kitab oxumağı sevirdim. 9-10 yaşlarımdan başlayaraq tibbi məsələlərdən tutmuş iqtisadiyyata qədər evdəki kitabları oxuyurdum. Oxuduqca hiss edirdim ki, iqtisadi yönümlü kitablar mənə daha maraqlı gəlir. Ensiklopediyanı, dünya, SSRİ iqtisadiyyatı ilə bağlı kitabları oxuyurdum. Statistik rəqəmlərə baxmağı, məlumatları müqayisə etməyi sevirdim. Evdə o kitablar olmasaydı, bu sahəni seçməyə bilərdim.
- “Rəqəmlər adamı yorur” deyib, maliyyə kimi ixtisasları maraqsız adlandıranlar da var.
- Maliyyəçi tək rəqəmlə işləmir. Maliyyəçi karyerada yüksəldikcə izahetmə məsuliyyəti artır. Mütləq rəqəmdən sözə keçməlidir. Maliyyədəki rəqəmlər kənardan görünən kimi maraqsız deyil. Rəqəmlər ətrafda baş verənlərin nəticəsidir. Rəqəmlərin arxasındakı hekayəni qurmaq lazımdır. Məsələn, sizin psixologiyanız, davranışlarınız gəlir və xərclərinizdə əks olunur. Şirkətlərin davranışlarını da hesabat rəqəmlərində görürük.
- Məsələn, insanın xərclərinə baxaraq hansı hekayələri qurmaq olar?
- Sağlam qidaya daha çox pul xərcləyən adam öz sağlamlığına daha diqqətli yanaşan biridir. Təhsilə çox pul ayıran birinin deməli, gələcəklə bağlı məqsədləri var. Şirkət, dövlət də insan kimidir. Büdcə xərclərinə baxmaqla nəyə çox dəyər verildiyini bilmək, prioritetləri müəyyən etmək olar. Ancaq burda məsələ insanın risk götürüb-götürməməsindən asılıdır. İnsanlar var ki “Birdən nə isə olar, qara gün üçün pul saxlayım” kimi düşünüb pul yığmağa çox meyilli olur. Elə insan var, bu gün üçün yaşayır. “Bu gün zövq alım, gələcəkdə nə olur olsun” yanaşmasındadır. Mən dediyim aşağı gəlirli adamların xərclərinə aid deyil. Bu halda insan baza xərclərini ödəməlidir. Başqa hansısa seçim etmək imkanı olmur. Baza xərclərini ödədikdən sonra seçim edəcəyi xərcləri analiz etmək olar.
“4 nəfəri seçdilər, biri mən idim”
- 1997-ci ildə bakalavr təhsili üçün Türkiyəyə üz tutmusunuz. Niyə Türkiyə?
- Əslində, Azərbaycanda təhsil almaq fikrim var idi. Hətta qəbul imtahanında yüksək nəticə göstərənlərdən biri olmağı hədəfləyirdim. Orta məktəbi bitirəndə bir qrup dost dedi ki, gedək Türkiyə universitetlərinə də sənəd verək. Məqsəd özümüzü yoxlamaq idi. İmtahanda iştirak etdik, qəbul oldum. Həmin ərəfədə Rusiyada da oxumaq imkanım yaranmışdı. Valideynlərim dedi ki, qərar ver. Atam dedi ki, Türkiyədə oxusan, sovetin keçmədiyi maliyyə sistemini öyrənə bilərsən. Mən də Türkiyəni seçdim.
- “Qəbul imtahanında yüksək nəticə göstərənlərdən biri olmağı hədəfləyirdim” dediniz. Bu iddianız nəyə əsasən idi?
- Yaxşı oxuyurdum deyə, ətrafdakı insanların da məndən bu gözləntisi var idi. Sınaq imtahanlarında da yaxşı bal toplayırdım.
- Türkiyədə iki il bir universitetdə bank işi, iki il isə başqa universitetdə biznesin idarə edilməsi üzrə bakalavr təhsili almısınız. Niyə belə dəyişikliyə getdiniz?
- Mən Türkiyədə 2 illik proqrama qəbul olmuşdum. Maraqlanmışdım ki, 2 illikdən 4 illiyə keçid olurmu? Demişdilər ki, şans azdır, amma olur. Atam da dedi ki, az da olsa şans varsa, oxumağından asılıdırsa, niyə də götürməyəsən? Mən də getdim. 2 ilin sonunda imtahan oldu. Türk dövlətlərindən gələn tələbələr arasından dövlət xətti ilə təhsil almaq istəyən 4 nəfəri seçdilər, biri də mən idim.
- Bakalavrdan sonra Türkiyədə bir il magistr təhsili almısınız, amma sonra ABŞ-a getmisiniz. Niyə Türkiyədəki təhsili yarımçıq qoyub ABŞ-a üz tutdunuz?
- İstanbul Universitetində təhsil aldığım vaxt ingilis dilində çox kitab oxudum. Düşünürdüm ki, magistr təhsilimi ingilis dilində oxuya biləcəyim ölkədə alım. Fransa, İngiltərə, İsveçdə bir neçə universitetə qəbul oldum, amma maliyyələşmə olmadı deyə, gedə bilmədim. Hər ehtimala Türkiyədə də magistraturaya müraciət etmişdim. Türkiyədə oxumağa başladım. Bir sərgidə Fransa universitetlərindən birinin koordinatoru ilə tanış olmuşdum. Türkiyədə oxuya-oxuya həmin universitetlə danışıq aparırdım. Dekanın e-mailini tapıb onunla da danışdım. O qədər yazdım, axırda dedi ki, kitabxanada sənə iş verərik. Növbəti il artıq Fransaya magistratura üçün getməyi planlayırdım. Türkiyədəki müəllimlərim məni cəsarətləndirdilər ki, sən Amerikadakı universitetlərdə daha yaxşı təhsil ala bilərsən. ABŞ universitetləri ilə də maraqlanırdım. Amerikadan qəbul aldım, universitetdə asistanlıq işi də verirdilər. Fransada proqram rəhbəri ilə danışdım, dedi ki, mən də olsam, asistanlıqla Amerikada oxumağı seçərdim. Mən də o cür seçim etdim (Gülür).
“Müəllimin bilik üzərində monopoliyası yoxdur”
- Doktoranturadan sonra iş axtarışınız dünyadakı iqtisadi böhran dövrünə düşüb. İş tapmaq çətin olmadı?
- 2008-ci il böhranı başlayanda, iş tapmaq üçün konfranslara girirdim. Konfranslarda iş müsahibələri etsələr belə, deyirdilər ki, müsahibəni edirik, amma yəqin ki bu işlərin çoxu bağlanacaq, universitetlər vakansiyanı geri çəkəcək. Ondan sonrakı ilin daha da çətin olacağını bilirdik. İki universitetdən qəbul aldım, indi çalışdığımı seçdim.
- 13 ildir universitet mühitindəsiniz. Müəllimlərin universitetdəki rolundan danışaq.
- Tədris yönümlü universitetlərdə müəllimdən ancaq dərsi yaxşı keçmək tələb olunur. Amma elmi yöndə olan universitetlərdə dərsi yaxşı keçməklə yanaşı, müəllimlərdən araşdırmalar da istəyirlər. Mənim işimin 50 faizi araşdırmadır. Ümumiyyətlə, Amerikada universitetlərin inkişaf etdirilməsi ilə bağlı qərarların əsas hissəsi dialoqlar, müzakirələr əsasında verilir. Bu dialoqlarda, müzakirələrdə müəllimlər də aktiv iştirak edirlər. Administrativ qərarları dekan, yaxud rektor versə də, müəllimlərin bu prosesdə rolu böyükdür.
- 13 il əvvəl ilə bu günün ABŞ tələbələrini müqayisə etsək…
- Artıq müəllimin bilik üzərində monopoliyası yoxdur. “Universitetdə bunu keçməyiblər”, “Müəllim bunu mənə deməyib” kimi cümlələrlə özünü müdafiə etmək olmur. İndiki tələbələrin informasiyaya çıxışı daha çoxdur. Tələbə bunu bildiyi üçün, birincisi, müəllimə marağı azalır. Müəllim gərək tələbəyə ondan da nə isə öyrənə biləcəyini göstərsin. İkincisi, informasiya çoxluğundan tələbənin fokusu dağılır. Tələbə nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğunu seçməkdə çətinlik çəkir.
- Yəni bu gün müəllim olmaq asan deyil…
- Öz sahəmizi götürsək, burda tələbələr maliyyə bazarında müəllimdən də aktivdirlər. Çünki texnologiya ilə hələ məktəb vaxtından və daha çox ünsiyyətdə olublar. Orta məktəb vaxtından investisiyalar edirlər. Tələbə deyir ki, bunu aldım, onu satdım, belə qazandım. Əgər tələbədən geri qalmaq istəmirsənsə, sən də texnologiyanı bilməlisən. Tələbələrin tələbləri də artır. Tələbə düşünür ki, mənim 5-10 il sonrakı vəziyyətə hazırlaşmağımda sənin müəllim kimi nə rolun var? Keçdiyin dərs mənə harada lazım olacaq? Bunu ona izah etməlisən. İndi tələbələrin dözümü azalıb. 4 ilin boşa keçmədiyini bilməlidir.
“Çox pul qazanmaq istəyən böyük məsuliyyət və risklər götürür”
- “Xaricdə yaxşı araşdırmaçılar yaxşı qazanırlar” deyirlər. Yaxşı qazana bilirsiniz?
- Akademik sahəyə gələn insan müəllimlik etməyə, araşdırmaya maraqlı olur. Bu, puldan kənar məsələdir. Bu, həm dəyərdir, həm də müstəqillikdir. Mənə kimsə demir ki bunu et. Özüm fikirləşirəm ki, mənə maraqlı olan nədir? Akademik sektorda həm də iş güvənliyi, iş və həyat balansın olur. Biznes sektorunda çalışan maliyyəçilər var ki, yüksək maaş alırlar, amma özünə və ailəsinə az vaxt qalır. Çox pul qazanmaq istəyən böyük məsuliyyət və risklər götürür. Maliyyə sektoruna getsəydim, işimdə yüksəlmə olsaydı, indikindən daha çox maaş ala bilərdim. Ancaq seçimim elmi sahədir. Universitetdə müəllimin maaşına gəlincə, Amerikada universitetdə işləyən heç bir adamın maaşı eyni deyil. Mənim aldığım maaşla digər maliyyə müəlliminin maaşı fərqlidir. Eyni kafedradakı müəllim digər müəllimdən 3 dəfə çox maaş ala bilir.
- Maliyyə sahəsində araşdırmalarınız hansı istiqamətdədir və hansı yenilikləri təklif edirsiniz?
- Doktoranturaya başlayanda, böhran vaxtı idi deyə, şirkətlərin maliyyə, mühasibatlıq manipulyasiyaları, vergidən yayınma məsələsi isti mövzular idi. Dissertasiyamı o sahədə yazdım ki, vergilər şirkətin dəyərinə necə təsir edir? Vergi dərəcələrini azaldıb artırmağın təsiri necə olacaq? Universitetdə işləyəndən sonra şirkətlərin korporativ məsuliyyətli, cəmiyyətə qarşı məsuliyyətli olmağa çalışması və eyni zamanda vergidən yayınmasını araşdırdım. Bu tərəfdən də auditorlara vergidən yayınmaq üçün xərc çəkirlər. Bir mühasibatçı müəllimlə şirkətlərin və dövlətin itkisini araşdırmışdıq. Vergidən yayınma üzrə araşdırmalarımı davam etdirirəm. Eyni zamanda başqa mövzular da işləyirəm. Son məqalələrimdə şirkətlərin kapital strukturuna keçdim. Şirkət deyir ki, borc alaq, yoxsa səhm buraxaq? Bəzən baxırdıq ki, şirkətlər nəzəriyyənin dediyinin əleyhinə gedirlər. Səhm buraxmalıdır, amma borc alır, yaxud əksinə. Biz izah etməyə çalışırdıq ki, burda hansı faktorlar əsas rol oynayır. Postmüharibə dövründə sülh quruculuğu və inkişafa yeni texnologiyanın təsiri mövzusunda bir araşdırma üzərində də işləyirəm.
- Maliyyəçisiniz, xərcləmək məsələsində yanaşmanız necədir?
- Maliyyəçi olsam da, xəsisliyi sevmirəm. Pulun müəyyən qədər olandan sonra, nəyə pul xərcləyəcəyini bilməlisən. Məsələn, keyfiyyətli qidadan pul kəsməyi xoşlamıram. Rahat, materialı sağlam geyimə pul verərəm, amma geyimlərim mütləq baha olmalıdır yanaşmasında da deyiləm. Büdcəm imkan verdiyi qədər səyahətə pul xərcləyirəm.
“Uşaq zəhmət çəkməyi bilsin”
- Pul yığırsınız?
- Pensiya yığımları var, universitet də bura əlavələr edir deyə, qocalıq üçün pul yığım kimi qorxum yoxdur. Bir də maliyyəçi olaraq investisiyalar edirəm. Onun üçün ayrıca yığımlar edirəm. Ancaq uşaqlarımın təhsilinə investisiya etmək üçün qənaət edib müəyyən məbləğ yığmaq fikrim var. İstədikləri yaxşı təhsil verən ali təhsil müəssisəsində oxumaları üçün əlimdə pul olsun. Özlərinin də üzərinə məsuliyyət qoymaq şərtilə. Yəni ali təhsil xərclərinin hamısını özüm verəcəyimi demirəm. Müəyyən qədər də özləri borc alsınlar.
- Bunu Amerika təcrübəsində görmüsünüz?
- ABŞ-a yeni gəldiyimdə amerikan otaq yoldaşım var idi. Onun atasının şirkəti var idi. Yaxşı maddi imkanları olsa da, valideynləri onun müəyyən xərclərini qarşılayırdılar, müəyyən xərcləri öz öhdəsinə buraxmışdılar. Həmin dostum evləndi. Dedilər ki, biz başqa ştata köçürük. İkinci əl əşyalar aldılar, bu da onların cehizi oldu. Ata-ana ev, hər əşyanın yenisini və bahalısını alsın söhbəti yoxdur. Bu o demək deyil ki, ailə bağları yoxdur. Sadəcə, uşaqlar sərbəst olmaq istəyirlər. Burda orta məktəb dövründən işləməyə başlayırlar. Çox tələbəm var ki, özü qazanır, evdən pul almaq istəmirlər.
- Uşaqlarınıza bu istiqamətdə nə öyrətməklə başlamısınız?
- Düşünürəm ki, uşaqlara büdcə kimi həftəlik pul verək və onlar pulu idarə etməyi öyrənsinlər. Mən oğluma nə vaxtdır bunu öyrətmək istəyirəm. Həftəlik pul verirəm, deyirəm ki, bölüb həftə ərzində xərcləməyi öyrənsin. Amma hələ ki öyrənməyib. Gələn həftənin pulundan borc alır. Yaşı çox deyil, görək nə vaxt öyrənir (Gülür). Mən onun tərəfdarıyam ki, uşaq zəhmət çəkməyi bilsin. Zəhmət çəkdikdə qədrini bilər və daha çox qazanmağı öyrənər. Uşaq səhv maliyyə qərarı verəndə onu təkbaşına buraxmırıq ki... Amma özləri də tənbəl olmasın. (Kaspi.az)