Dünyanın ən yaxşı şirkətlərində işləmək hamının arzusudur. Lakin günümüzdə İqtisadiyyat və Biznes ixtisasları üzrə həddindən artıq məzun və iş yerləri tapmaqla bağlı ciddi rəqabət var. Buna görə də universitetlərin müvafiq fakültələrindən məzun olub, yaxşı iş tapmaq asan deyil. Belə işlərə qəbul olunmaq üçün universitetdən məzun olmaq kifayət etmir. Hansı ölkədə, hansı universitetdə, hansı ixtisas üzrə təhsil almaq lazım olduğuna da yaxşı qərar vermək lazımdır.
Bununla bağlı FED.az-ın suallarını ARI Global MMC-nin direktoru İnarə Əliyeva cavablandırır.
- İnarə xanım, iqtisadi və biznes təhsili üçün universitet necə seçilməlidir?
Bəzi universitetlərdə iqtisadiyyat təhsili mühəndisliyə, bəzilərində isə siyasi elmlərə daha yaxın tədris olunur. Tələbə öz gələcək hədəflərini müəyyənləşdirərkən universitetlərin dərs proqramları, müəllim heyəti, sektoral əməkdaşlıqları və s. kimi bir çox faktorları da nəzərə almalıdır.
Eləcə də bax: Azərbaycanlı iş adamı Kanada universitetində – DƏRS DEMƏYƏ BAŞLADI
- Hazırda əmək bazarında işçilərə yönələn tələblər tez-tez dəyişir. Universitetlərdəki ixtisasların sayı da artmaqdadır. Hazırda bu sahədə perspektivli ixtisaslar hansılardır?
Biznes və iqtisadiyyat üzrə təhsil almaq üçün xaricə üz tutan tələbələr adətən maliyyə, iqtisadiyyat, biznesin təşkili, menecment, insan resurslarının idarə edilməsi və marketinq kimi ixtisaslara üstünlük verirlər. Son illərdə informasiya texnologiyalarının idarəetmədə tətbiqini əhatə edən ixtisaslar daha çox populyarlaşıb. Bu istiqamətdə sürətli dəyişikliklər baş verir. Məsələn, “Data Science” əvvəllər informasiya texnologiyalarının idarəetmədə tətbiqinin bir istiqaməti idisə, indi özü əsas aparıcı sahə olub. Biznes və iqtisadiyyat yönümlü ixtisaslar içərisində isə çox dar ixtisasların da populyarlaşdığını müşahidə etmək olar. Məsələn, tələbələr ümumi olaraq menecment ixtisası üzrə təhsil almaq əvəzinə, tibbi menecment və s. kimi daha dar ixtisaslara üstünlük verirlər. Gələcəyin biznes və iqtisasiyyat yönümlü ixtisaslarında həm rəqəmsal, həm də insan faktorunun birgə rol oynamağa başladığı da müşahidə olunur.
- Ən yaxşı iqtisadi və biznes təhsilini hansı universitetlərdə almaq mümkündür?
İqtisadiyyat sahəsində dünyanın ən yaxşı universitetlərinin reytinq siyahılarına ABŞ və Böyük Britaniya universitetləri liderlik edir. Müxtəlif reytinq siyahılarında da bu fakt öz əksini tapır. Əsasən ilk onluq bu universitetlərdən ibarətdir: Harvard (ABŞ), MIT (ABŞ), Stanford (ABŞ), Chicago Universiteti (ABŞ), Kaliforniya Üniversiteei Berkeley (ABŞ), LSE-London İqtisadiyyat Məktəbi (Böyük Britaniya), Princeton (ABŞ), Oxford (Böyük Britaniya), Yale (ABŞ), Cambridge (Böyük Britaniya) . Bu siyahıların müəyyənləşdirilməsində təhsil keyfiyyəti, sosial imkanlar, araşdırma büdcəsi, iş imkanları və iş dünyasıyla əməkdaşlıqlar kimi faktorlar nəzərə alınır.
- İqtisadiyyat və biznes təhsili almaq istəyənlər niyə bu universitetlərə üstünlük verirlər?
Bu universitetlər ilk növbədə məzunlarına təqdim etdikləri karyera imkanlarına görə beynəlxalq tələbələr tərəfindən seçilir.
İlk növbədə bu - universitet tələbələrinin asanlıqla iş tapa bilməsi göstəricisidir. Qlobal reytinq cədvəllərində universitetlərin yeri həm də bu göstəriciyə əsasən müəyyən edilir. TOP 10 siyahısında yer alan universitetlərin məzunlarının 90 faizdən çoxu məzun olduqdan sonrakı ilk 6 ay içərisində rahatlıqla iş imkanı qazanırlar.
Məsələn, MIT, Stanford və s. kimi yüksək reytinqli universitetlərin məzunları hələ məzun olmamışdan əvvəl artıq iş təkliflərini alıb seçim edirlər.
Digər vacib məqam – sözügedən universitetlərdə biznes və iqtisadiyyat məzunlarının başlanğıc əmək haqqıdır.
MIT, Stanford və s. kimi yüksək reytinqli universitetlərin məzunlarının başlanğıc maaşları illik 90-120 min dollar arasında dəyişir.
Bu universitetlərin öz tələbələrinə qazandırdıqları bir başqa üstünlük hələ tələbə olarkən yay tətilləri dövründə böyük şirkətlərdə ödənişli təcrübə proqramlarına dəvət almaqdır. 12 həftəlik təcrübə proqramlarında iştirak edərək həm praktiki bacarıqlar əldə edirlər, həm də saat hesabı 25-30 dollar arasında maaş alırlar.
- Tələbələr belə universitetlərdən başqa hansı faydalar götürə bilərlər?
Tələbələr təkcə seçdikləri ixtisaslarda yox, müvafiq olaraq başqa istiqamətlər üzrə də özlərini inkişaf etdirə bilirlər. Dərs seçimi alternativləri isə çoxdur. Bu universitetlərdə tələbələr dünya iqtisadi trendlərinə təsir edən professor və iqtisadçılardan dərs alırlar. Həmçinin qeyd olunan universitetlər məzun və professorlarıyla dünyanın ən çox Nobel İqtisadiyyat mükafatını qazanan təhsil ocaqlarıdırlar. Bu universitetlər ölkələrin və beynəlxalq maliyyə qurumlarının iqtisadi siyasətini müəyyənləşdirmək üçün onlara konsultasiya xidməti də verir.
- Xaricdə, yəni ABŞ və Avropada keyfiyyətli biznes və iqtisadi təhsil neçəyə başa gəlir?
Biznes və iqtisadiyyat üzrə xaricdə təhsil almaq üçün tələb olunan büdcə universitetlərə və ölkələrə görə dəyişir. Məsələn ABŞ-da univeristetlərin təhsil haqqı 25-30 min ABŞ dollarından başlayıb, 50-60 min dollara qədər yüksəlir. Bu məbləğ Avropa universitetlərində bakalavriatura pilləsi üzrə 5-15 min avro arasında dəyişir. Magistratura pilləsi üzrə isə tələbələr 10-15 min avro (MA, MSc proqramları), 20 000- 40 000 avro (MBA proqramları) ödəməyə hazır olmalıdırlar.