Son illər aktiv istifadə olunan iqtisadiyyat üzrə magistr dərəcəsi almaq doğrudanmı vacibdir. Dərəcənin gətirdiyi üstünlüklərə görə, əlavə təhsilə vaxt və pul itirməyə dəyərmi?
FED.az xəbər verir ki, «The Wall Street Journal» ABŞ-dakı iqtisadi zəifləmə fonunda magistr dərəcəsinin vacibliyini araşdırıb.
Qəzet yazır ki, Böyük Depressiya illərində (1930-cu illər) bütün gənclər aspiranturaya qəbul olunmağa can atırdılar. Burada məntiq aydın idi: iqtisadiyyatdakı zəifləməni ötürmək və əmək bazarına daha yüksək qazanc imkanı ilə qayıtmaq.
Amma hazırda ABŞ-da iqtisadi böhran davam etdiyi və texnologiya şirkətləri maaşları azaltdığı bir vaxtda ekspertlər gələcək MBA məzunlarına xəbərdarlıq edirlər ki, onlar indi dəbdə olan təhsil dərəcəsi almağa görə, altırəqəmli məbləğlər xərcləməyin düzgün olub-olmadığını bir də düşünsünlər.
Qəzet yazır ki, hazırda biznes-məktəblər işsiz texnologiya peşəkarlarını toplamaqla məşğuldurlar. Belə ki, bir qədər əvvəl işdən azad edilmiş texniki işçilər Kellogg School of Management menecment məktəbinə test vermədən qəbul oluna bilərlər. Başqa məktəblər, o cümlədən «MIT Sloan» və Kaliforniyadakı Berkli Universitetinin «Haas School of Business» məktəbi də qəbul ödənişlərindən imtina edib və müddətləri uzadıblar.
Amma 2023-cü ildə gözlənilən iqtisadi vəziyyət əlavə təhsili cəlbedici etmir. Məsələ bundadır ki, nə qədər ki, böhran geniş yayılmayıb, hələ iş tapmaq olar və bu müddəti təhsildə itirmək məsləhət deyil.
Digər tərəfdən, təhsilin özünün xərcləri də artır. İnflyasiya güclənir və bu o deməkdir ki, icarə haqları və gündəlik xərclər yüksəlir.
Bundan başqa, tələbə kreditinin faiz dərəcəsi və təhsil haqqı da yüksəlir. 2016-cı ildə ABŞ-da magistr dərəcəsi almış məzunların ortalama borc yükü 61 min dollar təşkil edib, bu 2000-ci ildəki məbləğdən 2 dəfə artıqdır.
Hərçənd, bütün bunlara baxmayaraq, yüksək təhsil hələ də yüksək gəlir deməkdir. Araşdırma göstərir ki, peşəkar və magistr dərəcəsinə malik olan insanlar əvvəlki kimi, daha yüksək gəlirlərə malikdirlər və onları daha çox rəhbər vəzifələrə təyin edirlər.