ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) ərzaq və içkilərdə geniş istifadə edilən “Qırmızı No.3” adlı sintetik boyanın qida tədarük zəncirindən çıxarılmasına dair qərar qəbul edib. Bu qərar elmi adı “FD & C Red No. 3” olan qatqının potensial xərçəng riski ilə əlaqədardır.
Ekspert: "Kolbasaların tərkibində 1 tikə belə ət yoxdur" - VİDEO
FED.az xəbər verir ki, “Qırmızı No.3” boyası xüsusilə qənnadı məhsullarında, konfetlərdə və bəzi qəlyanaltılarda rəngləmə məqsədilə istifadə olunurdu. Lakin laboratoriya siçanları üzərində aparılan tədqiqatlar maddənin xərçəngə səbəb ola biləcəyini ortaya qoyub. Bu səbəbdən FDA bu qatqının qida sənayesində istifadəsinin hüquqi və elmi baxımdan təhlükəli olduğunu təsdiqləyib. FDA-nın bu qərarı istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Mütəxəssislər qida təhlükəsizliyinə potensial təhdid yaradan bu cür maddələrin tədricən aradan qaldırılmasını mühüm addım kimi dəyərləndirirlər.
Qeyd edək ki, bu məsələ ilə bağlı mübarizə uzun illərdir davam edirdi. 2022-ci ildə 24 qeyri-kommersiya təşkilatının qida rənginin qadağan edilməsi üçün FDA-ya təqdim etdiyi petisiya rəsmi olaraq qəbul olunub və qərarın hüquqi əsasını təşkil edib. Bu addım ABŞ-da qida təhlükəsizliyinə və istehlakçı sağlamlığına verilən dəyərin növbəti göstəricisi kimi qiymətləndirilir. Səhiyyə təşkilatları isə bu qərarın daha geniş qida boyalarının təhlükəsizliyinə dair müzakirələrə yol açacağına ümid edir. (Azərtac)