Cari ilin oktyabr ayında istehlak qiymətləri sentyabr ayına nisbətən 0.3 faiz, 2025-ci ilin oktyabr ayına nisbətən isə 5.2 faiz artıb.
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? – BANKLAR, «KƏŞBƏK», SİYAHI (Noyabr, 2026)
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "İstehlak qiymətlərinin dəyişməsi haqqında" hesabatında məlumat verilib.
Qeyd olunub ki, 2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5.6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8 faiz, qeyri-qida məhsulları üzrə 3.7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.4 faiz artıb.
Göstəricilərə əsasən, 2026-cı ilin oktyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0.6 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6.7 faiz artıb.
Həmçinin cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti və filesi, dondurulmuş balıq, yumurta, armud, xurma, brokkoli, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, baş soğan, kartof və kakao tozu bahalaşıb, yumru düyü, makaron məmulatları, təzə balıq, limon, naringi, banan, alma, kivi, nar, üzüm, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, balqabaq, göy lobya, süfrə çuğunduru, şəkər tozu və müxtəlif içli şokoladlı konfetlərin qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin oktyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0.2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3.4 faiz artıb. Oktyabr ayında əvvəlki ayla müqayisədə kəsilmiş taxta, boya, parket üçün lak, mebel və led lampaların qiymətləri bahalaşıb, yuyucu vasitələr və zərgərlik məmulatları ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətləri ciddi dəyişməyib.
2026-cı ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0.1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 4.7 faiz təşkil edib.
Oktyabr ayında əvvəlki ayla müqayisədə geyimlərin kimyəvi təmizlənməsi və ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər müşahidə edilməyib.





















