Azərbaycanda qarabaşağa olan tələbatı daxili imkanlar hesabına ödəmək üçün Azərbaycana 5-6 min hektar torpaq yetərlidir.
FED.az xəbər verir ki, bunu xarici ölkələrdə innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətləri göstərən beynəlxalq ekspert, İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov bildirib.
“Azərbaycan bu kənd təsərrüfatı məhsulunu əsasən Rusiyadan alır. 2023-cü ildə bu ölkədən 13 min 629 ton qarabaşaq idxal edib ki, bu da ümumi qarabaşaq idxalının 99,7 %-ni təşkil edir. Ötən on ildə qarabaşaq idxalı dörd dəfədən çox artıb və ölkə bu müddətdə idxal üçün 30,8 milyon ABŞ dolları və ya 52,4 milyon manat xərcləyib.
Hesablamalara görə, qarabaşaq tələbatını daxili istehsal hesabına tam təmin etmək üçün təxminən 5-6 min hektar torpaq sahəsi kifayət edərdi. Azərbaycanda kənd təsərrüfatına yararlı 4,8 milyon hektar torpaq sahəsinin olduğunu nəzərə alsaq, bu məqsədə çatmaq əlçatan görünür", - ekspert bildirib.
X. Məmmədov hesab edir ki, ölkədə aqronomiya sahəsində kifayət qədər təcrübəli mütəxəssislərin olması və qarabaşağın yetişdirilməsi üzrə bilik bazası da bu istiqamətdə yerli istehsalın inkişafını mümkün edir.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycan, təxminən 13 adda qida məhsulunun tələbatını yerli istehsal hesabına ödəyə bilər: “Bunun üçün həmin məhsulların idxalına sərf olunan vəsaitin təxminən 35-40 %-i kifayət edər. Bu addımlar bir tərəfdən ölkədə yüz milyonlarla ABŞ dollarının qalmasını, digər tərəfdən isə ölkəyə davamlı valyuta axınını təmin edər. Daxili tələbat tam qarşılandıqdan sonra artıqlığın ixracı da mümkün olar ki, bu da iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır”. (Report)