Neftin qiyməti ucuzlaşacaqmı?
FED.az-ın məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu “Facebook” sosial şəbəkəsindəki səhifəsində 2019-cu ildə neft qiyməti ilə bağlı gözləntilərini yazıb.
ELƏCƏ DƏ BAX: Dünya bazarında neft bahalaşıb – SON QİYMƏTLƏR
İqtisadçı qeyd edib ki, təzəcə başlamış 2019-cu ildən gözləntilərdən danışarkən daha çox istinad olunan mənbə neftin dünya bazar qiymətindəki dəyişikliklərdir:
“Çünki, müstəqilliyimiz qədər kövrək olan iqtisadiyyatımızın dünya bazarından asılılığı son illər ərzində azalmaq əvəzinə, yenidən artmağa başlayıb. Bu illər ərzində qeyri-neft sektoruna güvənən dayanıqlı iqtisadiyyatın qurulmaması 2019-cu ildə xarici şokların rolunu daha da yüksəldib. 2015-ci ilin ikiqat devalvasiyasından sonra investorların və istehlakçıların etimadını tam itirmiş manata azacıq inam yarandığı indiki ərəfədə nəzərlər yenidən dünya bazarında neftin qiymətinə dikilib.
Neftin qiymətinə gəlincə, bu sahədə əvvəlki illərlə müqayisədə 2019-cu il üçün proqnoz vermək daha da çətinləşib. Çünki, tələb və təklif arasında balansla bağlı xeyli qeyri-müəyyənliklər var. Belə ki, bu il Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tətbiqi nəzərdə tutulan dəniz yanacağının tənzimlənməsinə dair normativ tələblərə, OPEK və ora daxil olmayan 10 neft istehsalçısının ötən ayın əvvəlində hasilatın azalması ilə bağlı qərarına, ABŞ-ın İran neftinin istehlakçıları üçün sanksiyalarına necə əməl olunacağı yanaşı Venesuelada hasilatın enməsinin, eləcə də Liviyanı hasilat səviyyəsini saxlamaq qabliyyətininin davam etməsinə qədər çox saylı amillər neftin dünya bazar qiymətinin müəyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq.
Əslində, hesablamalar göstərir ki, istehlakçılar üçün qiymətlərin 85 dollardan yuxarı, istehsalçılar üçün isə 55 dollardan aşağı olması məqbul deyil.
Lakin hazırda dünya neft bazarında hər barrelin qiyməti 55 dollardan ucuzdur. Bu o deməkdir ki, indiki qiymət istehsalçılar, o cümlədən Azərbaycan üçün sərfəli deyil. Əgər yuxarıda sadaladığımız səbəblərdən qiymət daha da ucuzlaşarsa, onda 2019-cu ildən gözləntilər özünü doğrultmaya bilər. Nəzərə almaq lazımdır ki, gəlirlərin formalaşması yalnız qiymətdən deyil, miqdardan da asılıdır. Rəsmi proqnozlara görə, bu il Azərbaycanda neft hasilatı əvvəlki illə müqayisədə azalacaq.
Beləliklə, cari ildə də Azərbaycan iqtisadiyyatında hər şey olmasa da, çox şey dünya bazarında neftin qiymətlərindən asılı olacaq. Təəssüf ki, əsas ixrac kəmərinin işə düşməsindən 12 il ötməsinə baxmayaraq, hələ də Azərbaycan iqtisadiyyatı dayanıqlı deyil, neft sektorundan, neft bölməsi də dünya bazarındakı şoklardan əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Bu isə şübhəsiz ki, 2019-cu ildə iqtisadiyyatın idarə olunmasının risklərini artıracaq”.
Proqnoz vermək çətinləşib – QEYRİ-MÜƏYYƏNLİKLƏR VAR
20:16
3 Yan 2019