Fəxri Ağayev yazır…
İş dünyasında yaşından, tutduğu vəzifədən və təcrübəsindən asılı olmadan insanların peşəkar həyatı və karyerası boyu eyni səhvləri etdikləri diqqətimi illərdir çəkir. Bu barədə əsas məsləhətlərimi bir məqaləyə toplamağa qərar versəm də, mövzunun genişliyini nəzərə alaraq, fərqli başlıqlar altında ayrı-ayrı məqalələr şəklində paylaşmağı düşündüm.
Birinci məqaləm PEŞƏKAR İNKİŞAF mövzusundadır.
– Karyera, ANCAQ təcrübə ilə olmur. Əksər insanları düşündükləri bu alqoritm “bir yerdə işlədim – gördüm – demək ki, təcrübəliyəm” bu gün Azərbaycanda olduqca aldadıcı bir fikirdir, çünki biliklərə əsaslanaraq iş görən idarəçi azdır. Sizin və aldığınız təcrübənin doğru olması ehtimalı da azdır. Təcrübələriniz olmalıdır, əlbət ki – amma bununla bərabər, mütləq şəkildə nəzəri məlumatları da toplamalısınız. Karyera = bilik;
– Karyera bilikdir, bəli. Amma ANCAQ biliklə məhdud deyildir. Uğurlu karyera üçün həm də psixoloji güc lazımdır – düşüncə, fikir və ideyalarınızı onları qəbul etməyənlərə qarşı qorumaq üçün, iş həyatında normal olan rəqabət təzyiqinə dözmək və ruhdan düşməmək üçün. Bəzi hallarda Azəbaycanda psixoloji güc bilikdən də vacib olur – öncə özünüzü sübut edirsiniz, ondan sonra bilik və təcrübələrinizi nümayiş etdirirsiniz;
– “Mənim inkişafım şirkətin işidir” deməyin. Əslində, hər bir insanın məqsədinə əsaslanan özü üçün hazırladığı “10 il sonra mən kiməm, haradayam, nəyi hansı vəzifədə edirəm, nə qədər maaş alıram” kimi sualların cavabını verən bir karyera planı olmalıdır. Buna görə də şirkət sizin üçün inkişaf yatırımı etməsə belə – bunu normal qarşılayın.
Bu gün işlədiyiniz şirkətin məqsədləri və planlarında sizin mütəxəssis olaraq inkişafınız yoxdur, çünki bilik və təcrübələriniz onları qane edir. Amma siz mövzuya daha geniş və yüksəkdən baxın: gələcəyinizi, karyeranızı, rifahınızı şirkətə, HR-ə, rəhbərə etibar etməyin – özünüz üçün inkişaf planı olsun və onu dəqiq icra edin;
– Gəliriniz nə olursa-olsun, aylıq gəlirinizin ən az 5-8 faizini inkişafınıza ayırın – kitab alın, öz hesabınıza ildə üç dəfə təlimlərə gedin, şəxsi kitabxananızı qurun. Aylıq maaşı 500 AZN olan bir insan ayda heç olmasa bir kitab ala bilər və almalıdır da;
– Xarici dil artıq üstünlük deyil – mütləq şərtdir. Hesab edirəm ki, xarici dil bilməyən bir insan bu gün özünə bunu ən vacib məqsəd kimi müəyyən etməlidir. Xarici dil bilməyən insan ANCAQ ana dilində olan ədəbiyyata məhkum olduğu halda, xarici dil bilən insanın önündə bütün dünyanın kitabları və müəllifləri açıqdır;
– Karyera inkişafı ilə peşəkar inkişaf sizi aldatmasın. Vəzifənizin yüksəlməsi karyera artımıdır və bu, hər zaman sizin bilik və təcrübələrinizin yeni vəzifəyə hazır olduğuna görə deyil. Əksər hallarda şirkət sürətlə böyüyür, yeni idarəçilər tapma-yetişdirmə imkanı olmur və buna görə də ən uyğun insanı seçir. Karyeranız inkişaf edəndə peşəkar inkişafınızı daha da sürətləndirin;
– Peşəkar inkişaf mövzusunu dar şəkildə dəyərləndirməyin – ancaq sahəvi biliklərdə güclənməyin. Insanlarla ünsiyyət, nitq, təqdimat bacarığı, ümumi insan psixologiyası kimi məqamlar olduqca vacibdir və bunları da diqqətdən qaçırmayın;
– Ali təhsil vacibdir, amma yetərli deyil. Ali təhsil bir dəfə alınır – amma yaşadığımız dövrdə o qədər böyük sürətlə inkişaf var ki, siz ömrünüzün sonuna qədər biliyə ac və tələbə qalmalısınız. Buna əlavə olaraq – diploma çox da güvənmək olmaz, çünki universitetdə alınan məlumatların köhnəlməsi ilə bərabər, digər vacib məqam da budur ki, ali təhsil düşünənləri deyil, yaddaşı güclü olanları yetişdirir. İş həyatında isə daim yeni biliklərlə bərabər, həm də daim aktiv düşünən insanlara ehtiyac var;
– Tanıdığım fərqli sahələrdəki BÜTÜN uğurlu insanlar yaşlarından və tutduqları vəzifədən asılı olmadan inkişaf edirlər – oxuyurlar, təlimlərə, konfranslara gedirlər.
Bu mövzuda məsləhətlərim:
– Növbəti beş il üçün peşəkar məqsədlərinizi yazın. Çox sadə SMART texnikası var bunun üçün (araşdırın internetdə). “Beş il sonra mən kiməm, nələr edirəm, haradayam, hansı işlərdə və vəzifələrdəyəm” suallarının da cavablarını özünüz üçün verin;
– Papağınızı qoyun önünüzə və özünüzü təhlil edin – güclü və zəif tərəfləriniz barədə düşünün və hamısını yazın. Özünüzlə dürüst olun – nitqinizi, bədən dilinizi, enerjili olub-olmadığınız belə sorğulayın;
– Bu məqsədlərə və zəif tərəflərin gücləndirilməsinə görə özünüz üçün planlama edin – hansı biliklərinizi, təcrübələrinizi necə gücləndirmək lazımdır;
– Bu plan dəqiq, konkret rəqəmlərlə olmalıdır. Misal üçün, növbəti bir il ərzində mən hər ay iki kitab oxumalıyam. İldə 24 kitab. 10 kitab peşəkar sahəmlə əlaqəli + 14 kitab ümumi peşəkar dəstəkləyici və zəif tərəflərimi gücləndirəcək ədəbiyyat: təqdimat bacarığı, insanlarla ünsiyyət, bədən dili və s.
– Hər gün inkişafınıza zaman ayırın. Beşdəqiqə belə olsa – ayırın. Kitab oxuyun, məqalələri araşdırın, yeni terminləri öyrənin – amma gündəlik inkişafı vərdiş edin;
– İnkişafınız üçün büdcə ayırın. İllik inkişaf planınıza görə iki təlimə öz hesabıza getmək varsa, o təlimləri araşdırın, bunun üçün vəsait ayırın və gedin.
Bütün bunları etdikdən sonra ÖZÜNÜZLƏ FƏXR EDİN!
İnkişaf mövzusunda isə ümumilikdə belə düşünün: peşəkar həyatınız boyunca aşağı gedən eskalatorda durmusunuz və daim bilikləriniz və savadınızla yüksəyə doğru getməlisiniz ki, geridə qalmayasınız.