Peşəkar idarəçi Fəxri Ağayev təmsil etdiyi sektordakı vəziyyətə və burada baş verən proseslərə münasibətini açıqlayıb.
FED.az bildirir ki, ekspert son vaxtlar trenddə olan bu sahədə çoxsaylı diletantların və qeyri-peşəkarların yayıldığını, bunun da ümumi işə mənfi təsirini bildirir. Daha ətraflı STATUSDA
«DİREKTOR, KONSULTANT, TƏLİMÇİ, KOÇLAR haqda
Öncə peşəkar sözü ucuzlaşdırıldı. 1 ay bir yerdə işləyən insan "mən prafisyanalam" deyib ortada gəzirdi.
CEO, Prezident, founder, co-founder, Vitse prezidentlər, Baş direktor və müavinləri əlindən şəhərdə tərpənmək olmur.
Sonra konsultant sözü yerin dibinə soxuldu. İşdən çıxan və işsiz qalan bəzi insanlar "Konsultantam" deyə ortalıqda gəzməyə başladı.
Sonra sıra gəldi “təlimçi” sözünə. Mən Türkiyədə ali təhsil alanda mənə uzaqdan dəyərli insanları göstərərək “o təlimçidir” deyirdilər. İnsanların səsində belə hörmət hiss edilirdi. Amma sözə hörmət etmirdi insanlar – təlimçi təcrübəsi, düşüncəsinin genişliyi və savadı ilə o hörməti qazanmışdı.
Sonra ölkəyə koçlar hücumu başladı. Bir nəfər sual verdim ki, hansı məktəbin koçluğunu oxudun – dedi ki, mənim oxumağa ehtiyacım yoxdur, bu mənə verilib artıq :) Və dərhal mənim işadamları klubumda olan şirkət sahiblərinə xidmət verməyi və mənə də ordan “pay” verməyi təklif etdi. Dedim ki, klubda olan insanlar “bubble” – yəni köpüklərə inananlar deyil. Pərt oldu.
Bu mövzuda düşüncəm budur :
- Baş verənlər normaldır, çünki kənardan bu işlər sadə və yüngül görünür : KOÇ – adama həyat dərsi verib pul alırsan; TƏLİMÇİ – 5 kitab oxu, slayd haqızla, 10 nəfəri yığ, danış – 200 manatın var; CEO – kostyum, qalstuk, vizitka, yüksək tonda səs və müdrik kəlamlar; KONSULTANT –gedirsən şirkətə, 500 nəfər işçisi və aylıq 1 milyon satışı olan sahibkarı “neprav” çıxardırsan, bir-iki ağıl verirsən, aldın pulunu;
- Bütün bu məsələlərin tək bir həlli var, o da ZAMANDIR. Zamanla hər şey oturacaq yerinə. Bazar və CƏNAB İSTEHLAKÇI özü hər şeyi tənzimləyəcək. Bu işlərə səthi baxanlar zamanla gedəcəklər və ortalıqdan çıxacaqlar;
- Bu mərhələlərdən bütün ölkələr keçib, və hər yerdə də bazar və zaman hər bütün daşları yerinə oturdub;
- Bütün bu sahə peşəkarlarının hamısı lazımdır ölkəyə - idarəçilər də, koçlar da, konsultantlar da, təlimçilər də. Amma HƏR bir işinin üstadı olmaq lazımdır;
- Uzaqdan sadə görünsə də, bu işlərin hər biri BÖYÜK məsuliyyətli işlərdir.
MİSAL : idarəçilik, rəhbər olmaq, vitse-prezident işi nə qədər də kənardan romantik görünsə də, bu ancaq bahalı avtomobil, kabinet, vizitka demək deyil – yuxusux gecələr, stress, ədalətli olma təzyiqi, şəxsi dəyərlərinizlə peşəkar öhdəliklərinizin toqquşması və bunun nəticəsində daxili mübarizə, müasir bilik və savad, vəhşi enerji, psixologiya biliyi…
VƏ BÜTÜN BU İŞLƏR biznesimiz ətrafında dönür.
Amma vacib bir məqam var ki, 10-20 il ərzində iqtisadiyyatın müxtəlif dövrlərində gecəsini gündüzünə qataraq, istirahətsiz işləyən, müxtəlif qurumlarla daim mübarizə aparan, yüksəyə çıxan və sonra düşən, təkrae toparlanaraq qarışqa kimi işləyən 30-40 yaşlı bir işadamını kitabdan oxunmuş ağıllı sözlərlə aldadmaq olmaz. Bunun üçün VƏHŞİ bilik və təcrübə lazımdır.
Yenə də ZAMAN – hər şeyi yerinə oturdacaq».
Direktor, konsultant, təlimçi, koçlar haqda – STATUS
10:15
17 Okt 2018