Maliyyəçi ekspert Elman Sadiqov son günlər Azərbaycanda müşahidə olunan su qıtlığı problemi ilə bağlı fikirlərini bölüşüb, ilkin təkliflərini verib.
Eləcə də bax: "Bəzi yerlərdə Kürün səviyyəsi 1,5-1,6 metr aşağı düşüb"
FED.az xəbər verir ki, onun fikrincə, problemin həlli üçün ölkə ərazisi şərti olaraq bir neçə zonaya bölünməli və əsas problem olan əraziyə digər bölgələrdən su azxınları yönəldilməlidir. Bununla yanaşı, iqtisadçı ümumiyyətlə gələcəkdə belə hallardan qorunmaq üçün ehtiyat tədbirlərinin görülməsini də vacib sayıb. E.Sadiqov yazır:
Ölkədə yaranmış su problemi ciddidir, lakin ümidsiz deyil. 10 il öncə BMT ayrı-ayrı ölkələrdə və dünyada yarana biləcək su qıtlığı və quraqlıq problemləri ilə bağlı xəbərdarlıq tipli hesabat hazırlamışdı. Hesabatda çıxış yolları və sair məqamlara toxunulmurdu. Sadəcə olaraq ayrı-ayrı ölkələrin üzləşə biləcəkləri quraqlıq riskləri qeyd olunmuşdu.
Azərbaycan da su problemi ilə üzləşmək riskinə məruz ölkələr siyahısında idi.
Əsas səbəblərdən bir odur ki, ölkəmizi su ilə təchiz edən hər 2 böyük çayın (Kür və Araz) mənbəyi xarici ölkələrdədir, öz ölkəmizdə deyil. Bununla bağlı 2011-2012-ci illərdə apardığım araşdırmadan bəzi nəticələri diqqətə çatdırıram. Məsələyə daha geniş və fundamental baxmaq və köklü şəkildə həll etmək vacibdir.
- Bütün dünyada əsas su mənbəyi yağıntılardır. Azərbaycanda qar azalıb, lakin yağış haqqında bunu demək olmaz. Ölkəmizdə yağıntılar azalmayıb, yerini dəyişib. Yəni, əgər əvvəllər aran rayonlarına və Bakıya (o cümlədən dağlıq rayonlara və qərb bölgəsinə) yağan yağış nisbəti 60/40 idisə, indi bu məsələ Bakının xeyrinə az qala 70/30 nisbətində, bəzi hallarda isə 75/25 nisbətində dəyişir. Əslində zaman keçdikcə bu təbii hesab oluna bilər. Ölkənin bir tərəfinə kifayət qədər yağıntı düşür və itkiyə gedir. Digər böyük hissədə isə (Mərkəzi Aran) yağıntı miqdarının az olması həm içməli su, həm də kənd təsərrüfatı üçün lazım olan suyun miqdarında çatışmazlıq yaradır. Bunun həll yolu: Bakı ətrafı və dağlıq rayonlarda su anbarları tikib yığılan suyun yeni və mövcud kanallarla yağıntının az olduğu bölgələrə yönləndirmək;
- ən vacib məqamlardan biri də ölkədəki mövcud anbarlarındakı və su kanallarındakı su itkiləridir. İndi dəqiq statistika olmasa da, 2012-ci ildə bu rəqəm 20% - 40% idi. Xüsusilə yağıntıların çox olduğu ərazilərdə müasir tələblərə cavab verən yeni su anbarlarının tikilişinə də ehtiyac vardır;
- Kür və Araz çaylarına su mənbəyi kimi güvənmək risklidir. Çünki, Türkiyə hökuməti (o cümlədən həmin çayın ərazisindən keçən digər dövlətlər də) öz ölkəsində su problemlərinin həlli üçün su anbarları tikir və tikəcək. Bu amil xüsusilə Kür çayında suyun azalma riskini artırır. Məhz yayda həmin çaylarda suyun azalmasını tikilən anbarlar içməli su təminatı cəhətdən müəyyən dərəcədə kompensasiya edə bilər;
- araşdırma zamanı diqqətçəkən bir faktla rastlaşdım. NASAnın həyata keçirdiyi tədqiqatlar göstərir ki, yer kürəsinə yağış hər il eyni miqdarda yağmır. Uzun tədqiqatlardan sonra 11 illik bir tsikl tapmışlar. Təqribən 10-12 ildən bir yağıntı miqdarları kəskin artır. NASA bu tədqiqatların nəticələrini tam açıqlamır, həmin tədqiqatların ən böyük istifadəçisi isə ABŞ kənd təsərrüfatı agentliyidir. Hətta o vaxtlar açıqlanan hissələrdə də kifayət qədər maraqlı məqamlar var idi. Buradan çıxarılan nəticə odur ki, bir il bol yağan yağıntıdan anbarlara toplanan su növbəti ildə az yağıntı zamanı faydalı olar;
- hər 5-10 kənd üçün kiçik həcmli su anbarlarının tikintisi faydalı olardı. Həmin anbarlar boşuna axan bulaqları, yeraltı suları toplayaraq daha effektiv bir şəkildə həmin kəndlərə içməli su qismində verə bilər;
- nəhayət, ölkə ərazisini nisbi olaraq 5 hissəyə (Bakı-Abşeron, Şimal, Qərb, Cənub və Mərkəzi Aran) böldükdə görürük ki, əslində ən ciddi su problemi Mərkəzi Aran rayonlarındadır. Digər regionların su yığıntılarını daha az yağıntı olan Mərkəzi Arana daha səmərəli yönəltsək, ölkəyə yağan yağıntını da, su ehtiyatlarını da səmərəli bölüşdürə bilərik.
Qeyd etdiyim məsələlərin həlli təkcə Bakıda deyil, bütün ölkə ərazisində suyun nisbətən bərabər paylanmasını (əlbəttə əhali sayı, istehlak tələbi nəzərə alınmaqla) təmin edər. Bu da qalan suyun kənd təsərrüfatında daha səmərəli istifadəsinə imkan verər. Daha çox içməli su üçün qeyd etdiyim həll yollarını kənd təsərrüfatı üçün su ehtiyaclarının ödənilməsi üçün də tətbiq etmək əlbəttə mümkündür.