Qarabağ iqtisadi rayonun Şuşa rayonu üzrə 2023-cü ilin ilk üç rübündə hotellərin gecələmə sayı və hotellərin gəlirləri açıqlanıb. Hotellərin gəlirləri artsa da, onlara çəkilən xərcləri qarşılamayıb.
Prezidentlə xanımı Şuşada “Yasəmən” otelinin açılışında - İŞTİRAK EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Şuşa rayonundakı hotellərdə 12 583 gecələmə olub. Bunun da 10 303 gecələmə Azərbaycandan olan turistlər və qalan 2 280 gecələmə isə əcnəbilərin payına düşüb. Beləliklə, 11 917 nəfər şəxs turist kimi iştirak edib.
Ötən ilin eyni dövründə 14 988 gecələmə olmuş, bunun 13 121 gecələməsi yerli, qalan 1 867 gecələməsi isə əcnəbilərin payına düşüb.
Cari ilin ilk üç rübündə Şuşa rayonunda mehmanxana (hotel) və mehmanxana tipli obyektləri 2 milyon 999.5 min manat gəlir əldə ediblər. Bu, 2022-ci ilin eyni dövründə 2 milyon 24.1 min manat təşkil etdiyini nəzərə alsaq, gəlirləri 48.5% artırmış olublar.
Bu müddət ərzində gəlirlər onlara çəkilən xərcləri qarşılamayıb. Belə ki, hotel və mehmanxana tipli obyektlərin məhsul və xidmət istehsalına çəkdikləri xərclər 2022-ci ilin ilk üç rübündə 1 milyon 918.2 min manat olduğu halda, cari ilin müvafiq dövründə 3 milyon 671.2 min manata yüksəlib. Xərclərin 1 milyon 295.8 min manatı içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 1 milyon 58.2 min manatı əməkhaqqı xərcləri və qalan hissəsi isə digər xərclər olub.
Hotellərdən istifadə səviyyəsi cəmi 16.1% olub.