İyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 690,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 908,1 min nəfər, qeyri-dövlət sektorunda isə 782,5 min nəfər təşkil edib.
Eləcə də bax: Muzdla çalışan işçilərdə orta aylıq əməkhaqqı - Artıb
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 32 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 658,6 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,4 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
Cari ilin II rübünün sonuna ölkə ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3478 nəfər olub. Onlardan 46,1 faizi tikintidə, 14,2 faizi mədənçıxarma sənayesində, 7,8 faizi emal sənayesində, 6,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,5 faizi təhsil, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və 14,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. Bu ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,5 saat təşkil edib.