2024-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən idxal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18 milyard 225,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10 milyard 924,7 milyon dollarını və ya 59,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 7 milyard 300,7 milyon dollarını (40,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3624,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,9 faiz, real ifadədə 7,6 faiz, o cümlədən idxal 7,8 faiz, ixrac isə 7,6 faiz azalıb. 2024-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə 22,5 faiz azalaraq 1 milyard 260,9 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 13,9 faizi Türkiyə, 9,4 faizi Rusiya, 7,2 faizi Çin, 5,0 faizi İsrail, 3,6 faizi Hindistan, 3,4 faizi Almaniya, 2,4 faizi Avstraliya, 2,0 faizi Çexiya, hər biri 1,8 faiz olmaqla ABŞ və Yunanıstan, hər biri 1,5 faiz olmaqla Gürcüstan və Xorvatiya, hər biri 1,3 faiz olmaqla Bolqarıstan, Rumıniya, İran, Tailand və Portuqaliya, hər biri 1,1 faiz olmaqla Türkmənistan və Ukrayna, hər biri 0,9 faiz olmaqla Koreya, Belarus və Tunis, 11,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 38,0 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə, 8,2 faizini İsrailə, 5,1 faizini Hindistana, 3,9 faizini Rusiyaya, 3,1 faizini Çexiyaya, hər biri 2,8 faiz olmaqla Almaniya və Yunanıstana, 2,5 faizini Xorvatiyaya, 2,2 faizini Gürcüstana, 2,1 faizini Bolqarıstana, hər biri 2,0 faiz olmaqla Portuqaliya və Rumıniyaya, 1,8 faizini Tailanda, 1,5 faizini Tunisə, 0,9 faizini ABŞ-a, 0,7 faizini Ukraynaya, hər biri 0,6 faiz olmaqla Niderland və Polşaya, hər biri 0,5 faiz olmaqla Fransa və İndoneziyaya, hər biri 0,4 faiz olmaqla İspaniya və İsveçrəyə, 2,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (21,0 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (7,6 faiz), İsveçrəyə (3,8 faiz), Ukraynaya (3,2 faiz), Türkmənistana (2,5 faiz), Qırğızıstana (1,8 faiz), Qazaxıstana (1,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,5 faiz), Almaniyaya (1,3 faiz), Belçikaya (1,2 faiz), Belarusa (1,2 faiz), İtaliyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Çin, 17,8 faizi Rusiya, 12,6 faizi Türkiyə, 6,1 faizi Avstraliya, 4,4 faizi Almaniya, hər biri 3,2 faiz olmaqla ABŞ və İran, 2,5 faizi İtaliya, 2,4 faizi Koreya, 2,3 faizi Türkmənistan, 2,2 faizi Belarus, 2,1 faizi Kanada, 1,7 faizi Ukrayna, 1,6 faizi Yaponiya, 1,5 faizi Birləşmiş Krallıq, 1,3 faizi Fransa, hər biri 1,2 faiz olmaqla Hindistan və Qazaxıstan, 14,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür. 2024-cü ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 13,9 faiz, tütün – 3,4 dəfə, meyvə və tərəvəz şirələri – 17,9 faiz, meyvə və tərəvəz konservləri – 12,3 faiz, bitki yağları – 4,6 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,6 dəfə, çay – 4,7 faiz, pambıq lifi – 2,4 dəfə, mineral gübrələr – 2,0 dəfə, qara metallardan çubuqlar – 6,4 faiz, bentonit gili – 5,3 faiz artmış, təzə tərəvəz ixracı isə 1,3 faiz, kartof – 35,1 faiz, şəkər – 29,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 21,8 faiz, polipropilen – 29,3 faiz, polietilen – 17,0 faiz, elektrik enerjisi – 67,8 faiz, emal olunmamış alüminium – 32,3 faiz, sement klinkerləri – 4,3 faiz, pambıq ipliyi – 35,5 faiz, qara metallardan borular – 39,1 faiz azalmışdır. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin yanvar-may aylarında təzə meyvə idxalı 35,9 faiz, bitki yağları – 19,0 faiz, şokolad və şokolad məhsulları – 22,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 38,9 faiz, unlu qənnadı məmulatları – 20,4 faiz, quş əti və onun əlavə məhsulları – 17,3 faiz, mal əti – 95,9 faiz, təzə tərəvəz – 69,3 faiz, qara metallardan borular – 62,2 faiz, hesablama maşınları, blok və qurğuları – 22,8 faiz, yük avtomobilləri – 26,7 faiz, sintetik yuyucu vasitələr – 1,5 faiz, məişət kondisionerləri – 61,0 faiz, mineral gübrələr – 95,8 faiz, qara metallardan çubuqlar – 35,0 faiz, mebellər – 73,8 faiz, paltaryuyan maşınlar – 11,1 faiz, polipropilen – 26,4 faiz, avtobuslar – 60,7 faiz artmış, buğda idxalı isə 27,0 faiz, xam şəkər – 28,2 faiz, çay – 4,7 faiz, kartof – 5,1 faiz, siqaretlər – 54,3 faiz, minik avtomobilləri – 14,5 faiz, dərman vasitələri – 23,7 faiz, polad prokatı – 9,3 faiz, rezin şinlər – 23,4 faiz, polietilen – 15,8 faiz, məişət soyuducuları – 4,2 faiz, sement – 9,4 faiz azalıb.