Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 %, qeyri-qida məhsulları üzrə 101,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.
Bakıda restoranların dövriyyəsi - 433 MİLYON MANATA ÇATIB
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin may ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,6 %, qeyri-qida məhsulları üzrə 101 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 % olub.
Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 % təşkil edib.
Mayda ayrı-ayrı qida məhsullarından aprelə nisbətən daha çox azalma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, artım isə əsasən düyünün, unun, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, xama və qatığın, kərə və zeytun yağlarının, limonun, almanın, ağ kələmin, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay may ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2% olub. Qeyri-qida mallarından daha çox artım şəxsi gigiyena məmulatlarının, sementin, yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100,5 % təşkil edib. Xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mobil telefon danışıqlarının, respublikadaxili istirahət turlarının, stomatoloji xidmətlərin, azalma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.