Mavi yanacağa görə istehlakçıların il ərzində keçdiyi limit yeni ildən sıfırlanacaq.
FED.az xəbər verir ki, bu barədə AzVision.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
Qurum rəsmisi xatırladıb ki, Tarif Şurasının 22 dekabr 2016-ci il tarixli, 19 nömrəli qərarına uyğun olaraq sərf edilən təbii qazın dəyərinin 1700 kubmetri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır:
“Qərar 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minib. Bu il ərzində keçilən limit yeni ildən sıfırlanacaq. 2018-ci ildə 1700 kubmetr təbii qazın hər kubmetr dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq sərf edilən təbii qazın dəyəri isə hər kubmetr üçün 20 qəpiklə hesablanacaq”.
Qeyd edək ki, son günlər bəzi istehlakçılar qaza görə tətbiq edilən limitin yeni ildən sıfırlanmayacağını iddia edərək narahatlıqlarını ifadə edirdilər.