Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə ölkədə median əməkhaqqının miqdarı ilə bağlı açıqlama yayıb.
Eləcə də bax: Son üç ildə əmək müqavilələri 30%, əməkhaqqı fondu - 81% Artıb - Foto
FED.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev sözügedən açıqlamanı şərh edib. Qeyd edib ki, nazirliyin məlumatına əsasən, ölkədə median əməkhaqqı 343 manat təşkil edir. İqtisadçı bildirib ki, median əməkhaqqı iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçilərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğə bərabərdir: “Azərbaycanda median əməkhaqqının 343 manat olması o deməkdir ki, 1.8 mln. nəfərə yaxın muzdlu işçinin az qala 900 min nəfərinin məvacibi 343 manat və ondan aşağı səviyyədədir.
Hazırda orta maaşın 700 manatdan bir qədər yüksək olduğunu nəzərə alsaq, deməli, median maaş orta əməkhaqqının 48%-nə bərabərdir.
OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) statistikasına görə, median və orta məvacib arasında fərq inkişaf etmiş və bir sıra Şərqi Avropa ölkələrində 10-25% arasında dəyişir. Azərbaycanda bu göstəricinin 2 dəfədən çox olması diqqət çəkir”.
R. Ağayev vurğulayıb ki, Rusiyada hazırda median maaş orta əmək haqqının 71%-nə bərabərdir: “Bir qayda olaraq yüksək maaşla minimum əmək haqqı arasında fərqin böyük olduğu, eləcə də daha çox insanın aşağı maaşla çalışdığı ölkələrdə bizdəki mənzərə alınır - median maaş orta əməkhaqqından əhəmiyyətli dərəcədə aşağı, minimum maaşa isə daha yaxın olur.
Çox heyif ki, açıqlanan statistikada özəl və dövlət sektorunun hər biri üzrə median maaşın məbləği ayrıca göstərilməyib. Əlavə olaraq, nazirlik median pensiyaların da məbləğini açıqlasa, bu sahədə də mənzərə aydın görünərdi”.