Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev işdən ayrılıb.
FED.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
N. Paşayev mayın 31-dən vəzifəsindən gedəcəyini açıqlayıb: "Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri, sevgili dostlar!
2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm.
Getmək qərarımı uzun söhbətdə müzakirə etdik. Zaur Hüseynov (“Bakı Metropoliteni” QSC-nin sədri) getmək istəyimə etiraz etsə də, qərarıma hörmətlə yanaşdı. “Bakı Metropoliteni sizə darlıq edir. Artıq siz daha böyük yerlərdə, daha böyük layihələrdə özünüzü sınamalısınız. Bizimlə böyük işlər gördünüz. Əminəm ki, bundan da böyük işlər görəcəksiniz” deyən sədr gələcək işlərimdə əlindən gələn köməkliyi göstərəcəyini bildirdib uğurlar arzuladı.
Bu müddət ərzində əlimdən gələni etməyə çalışdım. Hesab edirəm ki, üzüm ağ, alnım açıq, başım dikdir. Ola bilər, iş prosesində kiminsə istəmədən qəlbini qırmışam, hansınızınsa xətrinə dəymişəm. Bunun üçün həmin şəxslərdən üzr istəyirəm. Amma “mənim metrom”a qarşı qərəzli münasibət göstərən hər kəsin qarşısında olacağıma əmin ola bilərsiniz. Metro mənim qanıma işləyib və komanda yoldaşlarımdan heç zaman köməyimi əsirgəməyəcəm.
Gələcəkdə daha böyük layihələrdə, işlərdə görüşmək ümidi ilə!"
Qeyd edək ki, N. Paşayev jurnalistlərlə sıx əməkdaşlıq edən mətbuat xidməti rəhbərlərindən biri idi. Onun istefası da jurnalistlərin təəccübünə səbəb olub.