Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə cari ilin aprel ayında 1 milyon 225 min 575 dəfə müraciət edilib ki, bu da ötən ilin müvafiq dövrü (637 674 müraciət) ilə müqayisədə 1,9 dəfə çoxdur.
Nazirlikdən FED.az-a verilən məlumata görə, nazirliyin e-xidmətlərinə müraciətlərin getdikcə artmasının səbəbi onların aidiyyəti dövlət xidmətlərindən hansısa məmura müraciət etmədən, real vaxt rejimində, müasir və şəffaf şəraitdə faydalanmağa imkan yaratmasıdır. Hazırda əmək münasibətlərinin rəsmiləşdirilməsi, pensiya və sosial sığorta münasibətləri, iş yerinə dair arayışın əldə olunması, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim olunması və s. üzrə e-xidmətlər əhalinin istifadəsindədir. Həmçinin ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə bütün xidmətlər avtomatlaşdırılmış sistemlər üzərindən elektron müstəvidə təqdim olunur, pensiyaların, işsizlik müavinətinin, sosial müavinətlərin, təqaüdlərin hesablanması üçün kalkulyator və s. üzrə e-xidmətlər fəaliyyət göstərir.
Nazirlik tərəfindən əhaliyə elektron xidmətlərin dairəsi də getdikcə genişlənir. Cari il aprelin 1-dən məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi üçün yeni elektron sistem də istifadəyə verilib ki, bu sistemə ötən ay ərzində 330 211 dəfə müraciət olunması ona böyük sosial tələbin olduğunu göstərir.
Ümumilikdə cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 3 milyon 832 min 213 müraciət qeydə alınıb. Aidiyyəti sahələr üzrə avtomatlaşdırılmış sistemlərin genişləndirilməsi və bu əsasda yeni elektron xidmətlərin istifadəyə verilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.
Nazirliyin elektron xidmətlərinə 4 milyona yaxın müraciət qeydə alınıb
10:58
4 May 2017