Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin ərazilərində meşəsalma tədbirlərinin və mühafizə işlərinin effektivliyinin nəzarətdə saxlanılması, qanun pozuntularının qarşısının alınması məqsədi ilə Masallı, Zaqatala, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrində araşdırma aparılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, işçilərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə Zaqatala, Qəbələ, Masallı və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları tutduqları vəzifədən azad olunub.
Şabran və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb. Masallı, Zaqatala, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin bir sıra meşəbəyiləri, meşəbəyi köməkçiləri və meşə gözətçiləri tutduqları vəzifədən azad edilib, digər cavabdeh meşə mühafizə işçiləri barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb.