Son illər sosial qanunvercilik aktlarında bir sıra humanist mahiyyətli dəyişikliklər edilərək həssas qruplara yönələn sosial dəstək proqramlarının əhatə dairəsi xeyli genişləndirilib. Bu prosesin qarşıdakı dövrdə də davam etdirilməsi prioritet məsələlərdəndir.
Eləcə də bax: Azərbaycanda işsizlikdən sığorta pulu - YENİ QAYDA İLƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin siaysətiniin mərkəzində vətəndaş amilinin dayandığını qeyd edərək, aparılan sosial siyasətin ölkədə sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhatə dairəsinin ildən-ilə genişlənməsinə imkan verdiyini vurğulayıb.
İclasda qeyd olunub ki, pensiya və müavinətlərlə bağlı qanunvericiliklərdə olduğu kimi, işsizlikdən sığorta və ünvanlı yardımla bağlı normativ hüquqi aktlarda da həssas qrupların bu sosial dəstək proqramlarına əlçatanlığının artırılması üçün son iki ildə humanist yanaşmalar əsasında bir sıra dəyişikliklər aparılıb.
O cümlədən işsizlikdən sığorta ödənişlərinin təyinatı şərtləri növbəti dəfə yumşaldılıb. Bu ödənişlərin əhatə dairəsinə müddətli müqavilənin bitməsi ilə bağlı əmək müqaviləsinə xitam verilənlər də daxil edilib. Həmin ödənişlərin təyinatı üçün 3 il sığorta stajı tələbi 1 ilə endirilib, sığorta ödənişinin təyinatı üçün 3 ay gözləmə müddəti, sığorta təyinatı ilə bağlı 30-a yaxın sənədin təqdim edilməsi tələbi ləğv edilib. Bu ödənişlərin təyinatı avtomatlaşdırılıb, orta aylıq əmək haqqı barədə məlumatların elektron qaydada əldə edilməsi imkanı yaradılıb.
Ünvanlı dövlət sosial yardımı üçün müraciətə baxılan zaman kreditin gəlir kimi nəzərə alınması ləğv edilib. Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti artırılaraq 10 faizdən 15 faizə çatdırılıb. Yardım təyinatından sonra ailə tərkibində dəyişiklik nəzərə alınmadan artıq yalnız ailənin gəlirlərdə baş vermiş dəyişiklik nəzərə alınır.
Həmin gəlirlərdə olan dəyişikliklərlə bağlı məlumat verilmə müddəti isə 5 iş günündən 15 iş gününədək uzadılıb. “Ünvanlı yardım” altsisteminin yeni, sadələşdirilmiş versiyası istifadəyə verilməklə, 10 istiqamət üzrə gəlir və statuslar vətəndaşlar tərəfindən deyil, müvafiq elektron sistemlərdən əldə edilir.
İclasda işsiz və işaxataranlar, digər həssas qruplarla bağlı icra edilən sosial dəstək proqramlarının genişləndirilməsi üçün görülən işlər və bu istiqamətdə yeni təkliflər müzakirə edilib.