“Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Avropa Birliyi, Dünya Bankı, Avropa Təhsil Fondu və digər təşkilatlarla ilə birgə əmək bazarının qiymətləndirilməsi və monitorinqi üzrə milli observatoriyanın yaradılmasına start verir”.
FED.az xəbər verir ki, “Tələb işəgötürənlərdən, bunu təklif UNEC-dən” adlı konfransda çıxışı zamanı əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümöv bildirib.
Onun sözlərinə görə, bu proses 2020-ci ilin sonuna qədər yekunlaşacaq. “Bu gün Azərbaycanın əmək bazarında həddindən artıq sıxlıq müşahidə olunur. Biz bazarın mövcud vəziyyətini aydınlaşdırmaq üçün müəyyən tədqiqatlar aparmışıq. Bu tədqiqatlar bazarda baş verən dəyişikliklərin tələb-təklif dəyişkənliyinə necə təsir etdiyi ilə bağlıdır. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əmək bazarının qiymətləndirilməsi ilə bağlı milli observatoriya yaradacaq. Burada həm xüsusi məsləhətçilər şurasının, tədqiqatçılar qruplarının həm də köməkçilər qrupunun müxtəlif istiqamətdə yaradılması nəzərdə tutulub”, - deyə S.Müslümov bildirib.
Nazir qeyd edib ki, bu gün Azərbaycanda ölkə əhalisinin 71%-i əmək qabiliyyəti yaşda olanlardır: “İqtisadiyyat bu böyüklükdə işçi qüvvəsini absorbsiya etməkdə çətinlik çəkir. Biz sürətlə qloballaşan dünyanı nəzərə alsaq, bugünkü universitetlərin hazırladığı kadr yerli bazar üçün nəzərdə tutulmamalıdır. Bu gün Azərbaycanda əmək bazarına daxil olan işçi qüvvəsinin böyük hissəsi orta ixtisas, ali təhsildən və peşə təhsilindən kənardadır. Bizdə olan məlumata görə, bu gün Azərbaycanda muzdlu rəsmi əmək müqaviləsi ilə işləyənlərin və həmin bazada qeydiyyatdan keçənlərin 60 faizinin ya orta ümumi təhsili, ya ümumi ibtidai təhsili, ya da natamam təhsili var. Təəssüflər olsun ki, bu böyük rəqəmdir. 37,5 faizi ali təhsilin müxtəlif pillələrində təhsil alanlar, cəmi 2 faizi peşə təhsili olanlardır. Hər il Azərbaycanın əmək bazarına daxil olan 120 min nəfər gəncin 60 faizi heç bir ixtisası olmadan əmək bazarına düşür. Bu cür qara işçi qüvvəsinin bazara düşməsi onun rəqabət qabiliyyətinin olmaması deməkdir”.