"Nar" fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə "Təlim məktəbi" adlı yeni sosial layihəyə start verib.
"Təlim məktəbi" layihəsinin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiya etdirilməsi istiqamətində mobil operator tərəfindən həyata keçirilən sosial məsuliyyət strategiyasının davam etdirilməsidir.
Layihənin təqdimatında çıxış edən "Uğur akademiyası"nın həmtəsisçisi Cavid Şahmaliyev bildirib ki, nitq və eşitmə məhdudiyyətli gənclərin layihə çərçivəsində cəmiyyətə inteqrasiyası təmin ediləcək: "Bu gün inklüziv cəmiyyət formalaşdırmaq istəyiriksə, bu layihə çərçivəsində həmin gənclərə dəstək olmalıyıq. Nitq və eşitmə imkanları məhdud olan şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına, çalışmaq bu sosial layihənin ən vacib məqsəd və hədəflərindəndir. Bu missiya çərçivəsində nitq və eşitmə məhdudiyyətli gənclər üçün xüsusi təlimlərin təşkil edilməsi nəzərdə tutulub. Üç ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 18-30 yaş arasındakı 75 gəncin üç istiqamət üzrə - rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik, bacarıq və səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçiriləcək".
C.Şahmaliyev vurğulayıb ki, layihənin həyata keçirildiyi müddətdə təşkilatçı heyət tərəfindən dəvət olunan psixoloq gənclərin peşə potensialını qiymətləndirəcək: "Psixoloq həftə ərzində təşkil olunacaq görüşlərdə daxili maneələrə qalib gəlməkdə, özünə inam və motivasiyanın artırılmasında onlara yardım edəcək. Bu həssas əhali qrupunun imkanlarının artırılması və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün dövlət, özəl və QHT-lərin birgə əməkdaşlığı çox vacibdir. Layihənin missiyası məhz həssas əhali qrupuna yönəlməlidir".
"Azerfon" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov çıxışında qeyd edib ki, "Nar" sosial layihələrin hər zaman yanında olub: "Çalışırıq uzunmüddətli və nəticəsi olan layihələrə daha çox dəstək verək. "Azerfon"da hazırda 11 nəfər eşitmə və danışma qüsuru olan şəxs işlə təmin olunub. Onlar baş direktorluq, insan resusrları, hüquq departamenti, maliyyə, satış, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərirlər".