Maraqlı məqamlardan biri də işçiyə məzuniyyət hüququ verən əmək stajının hesablanması zamanı nəzərə alınan və alınmayan dövlərlə bağlıdır.
On iki aydan az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq - ƏMƏKHAQQININ HESABLANMASI
FED.az xəbər verir ki, mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.
Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktiki işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir:
a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əməkhaqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;
b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;
c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
c) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.
Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
Sosial sığorta stajı və əmək stajı anlayışlarına aydınlıq gətirək. Bəzi məqamlarda sosial sığorta stajı, bəzi məqamlarda isə əmək stajı ifadəsi istifadə olunduğundan bu ifadələri qarışdırmamaq lazımdır.
Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək stajı isə işçinin faktiki işlədiyi, yəni faktiki olaraq əmək sərf elədiyi vaxt və Əmək Məcəlləsində göstərilmiş digər dövrlərin məcmusudur. Sosial sığorta stajı əsasən işçinin pensiya təminatı üçün istifadə edilir. Əmək məzuniyyətinin verilməsi üçün isə əmək stajı tələb olunur.
Misal 1: İşçi məhkəminin qərarı ilə həbs edilmiş, bu səbəbdən də işəgötürən bunu əsas götürərək işçini işdən azad edib. 4 aydan sonra işçinin təqsirsizliyi sübuta yetirilib və həbsdən azad edilib. Məhkəmə işçinin işə bərpa olunması ilə bağlı qərar qəbul edib. İşçinin işdən azad olunduğu bu müddət əmək stajına daxil edilməlidirmi?
Məcəllənin 132-ci maddəsinin "ç" bəndinə əsasən, həmin məcburi işburaxma dövrü işçinin əmək stajında nəzərə alınmalıdır.
Misal 2: İşçi 07.06.2020-ci tarixdə işə qəbul olunub vǝ 07.10.2020-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirib. 07.11.2020-ci il tarixdə xəstəlik vərəqəsi təqdim edib və işə çıxıb. İşçinin ilk iş ili olduğunu fərz etsək, məzuniyyət hüququ nə vaxt yaranacaq?
Qeyd etmişdik ki, ilk iş ili üçün məzuniyyətdən istifadə hüququ altı aydan sonra meydana gəlir. Eyni zamanda bildirmişdik ki, işçinin əmək stajına işçinin faktiki işlədiyi dövr və 132-ci maddədə göstərilən dövrlər daxildir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi də həmin dövrlərdən biridir. Deməli, 07.10.2020-07.11.2020 tarixləri arasındakı dövr işçinin əmək stajına daxil ediləcək və işçi məzuniyyətə 07.12.2020-ci il tarixindən sonra işəgötürənlə razılaşdırılmış vaxta gedə bilər.
Misal 3: Fərz edək ki, işçinin işlədiyi dövrdə aşağıdakı əməliyyatlar baş verib:
İşçi 1 ay müddətinə hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara cəlb edilib. 2 ay ödənişsiz məzuniyyət hüququndan istifadə edib. 15 gün yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə ezamiyyətə göndərilib. 15 gün əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmayıb.
Yuxarıda qeyd olunmuş vəziyyətə uyğun olaraq, ödənişsiz məzuniyyətdən başqa, qalan dövrlər əmək stajına daxil ediləcək. Çünki qeyd edilənlər Məcəllənin 132 və 179-cu maddələrinə görə məzuniyyət hüququ verən əmək stajına daxil edilir.
Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı - 2024” kitabı (vergiler.az)