Ev almaq üçün müraciət etdiyimiz yaşayış kompleksləri mənzilin əsas sahəsini bütün hallarda müştərilərdən gizlədirlər. Təqdim olunan sahə isə evin divarları ilə birgə hesablanmış hissəsi olur.
FED.az olaraq məsələyə aydınlıq gətirmək üçün paytaxtda fəaliyyət göstərən yaşayış komplekslərinin nümayəndələri ilə əlaqə saxladıq. Onlar da bildirdilər ki, həqiqətən də müştərilərə mənzilin divarları ilə birlikdə hesablanmış ölçüsü təqdim olunur. Qeyd edirlər ki, hesaba qatılan çöl divarlar 5-10 kvadratmetrlik bir fərq yaradır.
“Grand Hayat” – Divarları da hesablayıb mənzili 25 min manat baha satırlar
Şirkətdən öyrəndik ki, burada 1 kvadratmetrinin qiyməti 1300-1500 manat arası təqdim edilən mənzillərin ölçüsü 64-dən 178,5 kvadratmetrə qədərdir.
“Grand Hayat” yaşayış kompleksinin rəsmi saytında yer alan Tbilisi prospektində yerləşən binasında bir mənzil müəyyən edib şirkətlə əlaqə saxladıq. Əvvəlcə qeyd edək ki, saytda seçdiyimiz mənzil üçün 2 ölçü – net və brut sahə yazılıb. Net sahə 50,19, brut sahə isə 64 kvadratmetr olaraq qeyd edilib. Şirkətdən saytımıza bildirdilər ki, net sahədə mənzilin divarları və eyvanı hesablanmır. Amma qiymət net sahəyə görə yox, brut sahəyə görə hesablanır.Öyrəndik ki, seçdiyimiz 1+1 otaqlı mənzilin 1 kvadratmetri 1550 manatadır. Aldığımız məlumata görə, seçdiyimiz mənzil nağd ödənişlə alınarsa 87 min 885 manata, ipoteka və ya daxili kreditlə alınarsa 103 min 75 manata başa gəlir.
Kiçik bir hesablama apardıq və məlum oldu ki, mənzilin net sahəsinin qiyməti 77 min 794 manat olarsa, nağd ödəniş üçün təqdim olunan qiymət bundan 10 min 91 manat, kredit üçün təqdim olunan qiymət isə 25 min 281 manat bahavə ya artıqdır.
“Kristal Abşeron” – “Kupça”nı alanda mənzilin net sahəsini öyrənərsiniz
Kristal Abşeron yaşayış kompleksindən saytımıza bildirdilər ki, burada mənzillərin ölçüsü 40-dan 100 kvadratmetrə qədərdir. Şirkətin Yeni Günəşli qəsəbəsindəki inşa etdiyi binada mənzillərin 1 kvadratmetrinin qiyməti 1100 manatdır. Verilən məlumata görə, qeyd etdiyimiz binada 2 otaqlı mənzil ümumi sahəsi 64,9 kvadratmetr, qiyməti isə 71 min 390 manatdır. Bildirdilər ki, bu şirkətdə də mənzillərin ümumi sahəsi divarları ilə bir yerdə hesablanır.
Maraqlandığımız mənzilin net sahəsini öyrənməyə çalışsaq da, müxtəlif bəhanələrlə gizlətdərək nəticədə dedilər ki: ““Kupça” alanda öyrənərsiniz”...
“Melissa” – Mənzillər içdən-içə hesablanır
“Melissa” yaşayış kompleksindən bildirdilər ki, buradakı mənzillərin ölçüsü 27-dən 95 kvadratmetrə qədərdir. Təmirsiz mənzillərin qiyməti 950 manatdan, təmirlilərin qiyməti isə 1150 manatdan başlayır. Şirkətin 20 Yanvar metrostansiyasının yaxınlığında tiktiyi binadakı 2 otaqlı mənzilin ümumi sahəsi 49 kvadratmetrdir. Bildirdilər ki, burada mənzillər içdən-içə hesablanır və bu net sahəyə divarlar daxil deyil.
Şirkətin saytında, otaqlarının ölçüləri ilə verilmiş mənzilin layihəsi üzərində hesablama apardıq və məlum oldu ki, “Melissa” yaşayış kompleksi həqiqətən mənzillərini net sahə üzrə hesablayaraq satır və ümumi qiymətə divarlar aid edilmir.
“Renessans Palace” – Mənzillər, verilən rəqəmdən 9 kvadratmetr kiçikdir
“Renessans Palace” yaşayış kompleksindən bildirdilər ki, burada 1 kvadratmetrinin qiyməti 1900-2400 manat arası təqdim edilən mənzillərin ölçüsü 66-dən 205 kvadratmetrə qədərdir. Şirkətin Həsən Məcidov küçəsindəki binasında 10-cu mərtəbəyə qədər olan mənzillərin 1 kvadratmetrinin qiyməti 1950 manatdır. Verilən məlumata görə, qeyd etdiyimiz binada 3 otaqlı mənzil ümumi sahəsi 139,08 kvadratmetr, qiyməti isə 271 min 206 manat edir. Bildirdilər ki, bu şirkətdə də mənzillərin ümumi sahəsi divarları ilə bir yerdə hesablanır.
Şirkətin saytından seçdiyimiz, otaqlarının ölçüləri ilə verilmiş həmin 3 otaqlı mənzilin layihəsi üzərində hesablama apardıq və aşkara çıxardıq ki, mənzilin net sahəsi 139,08 yox, 130,08 kvadratmetrdir. Bu ölçü ilə o mənzilin qiyməti 271 min 206 manat yox 253 min 656 manat və ya 17 min 550 manat ucuz olmalı idi.
“Pulu divardan çıxan” yaşayış kompleksləri
11:30
5 Dek 2017