“Facebook” sosial şəbəkəsində tezliklə xəbər lentini tərtib edən alqoritm dəyişəcək.
Bunu “Facebook”un yaradıcısı Mark Zukerberq öz səhifəsində yazıb. “Biz “Facebook” ictimaiyyətindən şikayətlər alırıq ki, şirkətlərin, brendlərin, media orqanlarının paylaşımları bizi bir-birimizə yaxınlaşdıran şəxsi paylaşımları sıxışdırır”, - deyə o, söyləyib.
M. Zukerberq aparılan araşdırmaya əsasən bildirib ki, yaxınları ilə sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlayan insanlar özünü yaxşı hiss edir: “Dəyişikliklər tətbiq olunduqdan sonra siz şirkətlərin, brendlərin, KİV-in kontentlərini daha az görəcəksiniz. Həmin kontentlər standartlaşdırılacaq və bu, insanların məzmunlu qarşılıqlı ünsiyyətini asanlaşdıracaq”.
“Teh Financial Times” yazıb ki, alqoritm dəyişikliyi gələn həftədən başlayacaq. Xüsusən aşağı səviyyəli medianın klik xətrinə qoyduğu “qışqıran” başlıqlar xəbər lentində daha az görünəcək. Dostların və istifadəçilərin ailə üzvlərinin paylaşımları isə daha çox görünəcək. Gələcəkdə KİV-in və şirkətlərin paylaşımları üçün sosial şəbəkədə ayrıca bölmə yaradılacaq.
©Lent.az