“PİS RƏHBƏRLƏ İŞLƏMƏYİN, həyat bir dəfə verilir və çox qısadır və zamanınızı pis rəhbərlə itirməyin” tərzində MƏSLƏHƏTLƏRİ davamlı eşidirik.
İlk öncə iş axtarışı və karyera barəsində vacib bir məqamı qeyd etmək istəyirəm. Bəzən bizim qarşımızda çox iş seçimi olmur ki, rəhbərlər arasında rəqabət yaradaq və seçim edək. Uzun zaman iş axtarırsınız, bir şirkətdə bütün müsahibələri keçirsiniz, və artıq rəsmi şəkildə iş təklifi alırsınız. Daxildən anlayırsınız ki, rəhbərinizin xasiyyəti pisdir, amma başqa alternativiniz yoxdur. Dünyada elə bir ölkə yoxdur ki, orada insanlar rahat otursunlar və ancaq bir xüsusiyyətə görə iş axtarsınlar.
ELƏCƏ DƏ BAX: Maaşın az olduğunu müəyyənləşdirməyin - ÜSULLARI
Amma hesab edirəm ki, bu vəziyyətdə belə vəziyyət çox da mənfi deyil və bu ilk baxışda mənfi görünən işdə hər insan qazanclı ola bilər.
Pis rəhbərlə işləməyin də əslində faydası çoxdur. Bilirsiniz, niyə?
“Pis” rəhbər nə deməkdir? Bir rəhbərin etməməsi gərəkən hər şeyi edən. Və kitablarda Sizə nə qədər də “bunları bir rəhbər etməməlidir” sözləri yazılsa da, onları canlı-canlı öz üzərinizdə hiss etməyin nəticələri tamailə başqa olur.
İnsanlara qarşı kobud olan və haqsızlıq edən rəhbər Sizə nələrin edilməməsi gərəkdiyini canlı şəkildə nümayiş etdirəcək. Sizə dəfələrlə universitetdə, dərslərdə, təlimlərdə qeyri-maddi motivasiya və insanların ruh yüksəkliyi haqqında deyə bilərlər, amma onu hiss etmək başqadır.
Dediklərimi, sadə bir misal ilə nümayiş edim. Rəhbərlər arasında belə bir fikir var ki, səhər tezdən işçiləri danlasalar və təqyiz etsələr, əməkdaşlar işə daha sürətli, diqqətli, məsuliyyətlə yanaşacaqlar. Saat 09.00-da insanları “fırçalayan” bir rəhbər vəzifəsini tam yerinə yetirmiş hissi ilə kabinetində özündən razı şəkildə kofesini içərkən, onun tabeçiliyində olan 20-200 əməkdaş işə kefsiz və həvəssiz yanaşacaqlar, müştərilərə qarşı qayğısız və nəzakətsiz olacaqlar, biri-birilərini səhvlərinə qarşı səbirsiz olacaq və bu da şirkət daxilində komanda ruhunu sarsıdacaq, başqa iş imkanlarını araşdıracaqlar, şirkət əmlakı ilə kobud rəftar edəcəklər. Rəhbər eqosunu tətmin edir və gününü keçirir, sizə isə möhtəşəm bir dərs verir və siz biznesin daxili “mətbəxində” rəhbərin 5 dəqiqəlik bir səhvinin nəticələrini görəcəksiniz. Bu dərsi, heç bir kitab sizə daha da gözəl başa sala bilməz.
Burada ortaya digər sual yaranır : bir idarəçi belə davranırsa, və şirkət itgilərlə üzləşirsə, niyə belə rəhbər işdən uzaqlaşdırılmır? Məsələ budur ki, indiyə qədər rəqabətcil ortamı olmayan Azərbaycanda böyük pul kütləsi və ciddi həcimli satışlar bütün yaraları örtürdü. Bu gün bazar reallıqları artıq fərqlidir ve belə bir halda tamamilə başqa xüsusiyyətlərə malik bir idarəçiyə tələbat yaranır.
Mən xaricdə və Azərbaycanda işləyərəkən belə rəhbərlərim olub. Eqolu, bilikli insanı qısqanan, qorxaq, kompleksli, insanların komanda olmasını istəməyən, tabeçiliyində olanları əzərək üstünlüyünü sübut etməyə çalışanlar, insanlarla biliklərini paylaşmayanlar.
Hamısına çox təşəkkür edirəm! Sağolsunlar. Onlar mənə çox böyük dərslər veriblər.
Nələri etmək lazımdır mövzusunda universitetdə dərslərim olub, çox ədəbiyyat oxumuşam, amma etməmək gərəkənləri məhz onlar mənə öyrədiblər.
Bəli, incimişəm, yorulmuşam, bəzən həvəsim qalmayıb, ürəyim sıxılıb – amma məhz buna görə də bu gün bu hissləri idarəçi olaraq insanlara yaşatmamağa çalışıram.
Doğru dəyərləndirsəniz, pis rəhbərlə işləmək belə ciddi qazanc və təcrübə olacaq sizin üçün. Və daim dediyim bir məqama gəldik – içində olduğumuz ən pis vəziyyət belə seçimdir və bu vəziyyətdən nə qədər faydalanacağımıza da biz özümüz qərar veririk.
Bunu durdurmaq olar mı? Bəli. Bu hissləri yaşayan bir insan özü rəhbər olduqda əsla bu tərzdə davranmaz, çünki bu vəziyyəti yaşayıb, hiss edib və nəticələrini görüb. Siz rəhbər olduqda bu tərzdə davranmayın.
Amma unutmayın ki, pis rəhbər olmaq çox asandır, çünki insan emosiyalarına görə davranır. Yaxşı rəhbər olmaq isə ÇOX çətindir və mənim növbəti məqaləm məhz bu mövzuda olacaq.
Fəxri Ağayev