Azərbaycanda həyata keçirilən sosial siyasətin bir istiqaməti də 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinə yönəlib.
Sosial Müdafiə Nazirliyindən FED.az-a verilən məlumata görə, hazırda İkinci Dünya müharibəsi iştirakçılarından 431 nəfəri müharibə əlili kimi, 332 nəfəri isə müharibə iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. İkinci Dünya müharibəsi əlillərinə 2008-ci ilin 1 sentyabrından təyin olunaraq ödənilən bu təqaüdün məbləği ötən dövrdə orta hesabla 2 dəfədən çox artırılaraq, I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb. İkinci Dünya müharibəsi iştirakçıları, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə isə aylıq 110 manat məbləğində olmaqla Prezidentin aylıq təqaüdləri verilir.
Həmin təqaüdlərlə bərabər, İkinci Dünya müharibəsi iştirakçıları aylıq əmək pensiyaları ilə təmin olunurlar. Onların yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb. Hazırda İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiya məbləği 356 manat təşkil edir.
Ötən dövrdə İkinci Dünya müharibəsi əlillərindən 102 nəfər dövlət büdcəsi hesabına mənzillə, 1117 nəfər minik avtomobili ilə təmin edilib. 32 nəfər İkinci Dünya müharibəsi iştirakçısına isə ehtiyaclarına uyğun olaraq evlərində sosial xidmətlər göstərilir.
Cari ildə də 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu təbəqədən olan insanlara birdəfəlik yardım verilməsi barədə 24 aprel 2017-ci il tarixli Sərəncam imzalanıb. Bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 7,2 milyon manat vəsait ayrılıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 13 312 nəfər şəxsə, o cümlədən İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, həmin müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları olan 12 549 nəfərin hər birinə isə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.
Qeyd olunan birdəfəlik yardımların məbləği də mütəmadi olaraq artırılır. Bu istiqamətdə növbəti addımlar kimi, həmin birdəfəlik yardımların məbləği 2015-ci ildə əvvəlki illə müqayisədə müvafiq olaraq 14,2 faiz və 33,3 faiz artırılaraq 800 manata və 400 manata, 2016-cı ildə isə hər iki kateqoriyadan olanlar üçün ümumilikdə 25 faiz artırılaraq 1000 manata və 500 manata çatdırılıb. MDB-yə üzv ölkələr arasında hər il Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardımın verildiyi ölkə Azərbaycandır.
İkinci Dünya müharibəsi iştirakçılarının dövlət hesabına bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı istiqamətində də müvafiq işlər aparılır.
İkinci Dünya müharibəsi iştirakçılarına prezidentin ehtiyat fondundan 7,2 milyon manat vəsait ayrılıb
09:47
9 May 2017