"BMT-nin elektron hökumətlə bağlı 2016-cı il üzrə hesabatına əsasən, Azərbaycan 193 ölkə arasında 12 pillə irəliləyərək 56-cı yerə, elektron iştirak indeksinə görə isə 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib". Bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev deyib.
Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqı və UNESCO tərəfindən yaradılmış Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın 2016-cı il hesabatında Azərbaycan internet istifadəçilərinin sayına görə 191 ölkə arasında 36-cı, inkişaf etməkdə olan 147 ölkə arasında isə 11-ci yeri tutub: "İnkişaf etməkdə olan ölkələrin internetə qoşulmuş ev təsərrüfatı sayına görə Azərbaycan 138 ölkə arasında 13-cü yerdədir".
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi elektron imzanı hazırlamaq və istifadəçilərə elektron imza ("e-imza") sertifikatı təqdim etməklə yanaşı, digər elektron imza mərkəzlərini də akkreditasiya edir və sertifikatlaşdırır. Bu günədək mərkəz tərəfindən istifadəçilərə 100 mindən çox "e-imza" sertifikatı təqdim edilib. Bu istiqamətdə atılan növbəti innovativ addım "e-imza"nın yeni nəsil şəxsiyyət vəsiqələrində yerləşdirilməsidir. Nazirlik bu layihənin icrası ilə bağlı "Microsoft" şirkəti ilə müqavilə imzalayıb. Gələn ilin əvvəlindən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqində bu xidmətdən vətəndaşlarımız istifadə edə biləcək", - deyə Ə. Abdullayev qeyd edib.