11.46 “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı cinayət işi başlanılıb.
FED.az bu barədə “Report”un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib.
Eləcə də bax: “EuroHome”dakı yanğının - İLKİN SƏBƏBİ AÇIQLANDI
Onun sözlərinə görə, nazirliyin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, FHN-in rəsmi məlumatına əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.
Hadisə ilə bağlı bir neçə nəfər xəstəxanaya yerləşdiririlib.
İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.
İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir.
08.15 Dekabrın 10-da səhər saatlarında Bakının Binəqədi rayonunda fəaliyyət göstərən tikinti materiallarının satıldığı “Eurohome” ticarət mərkəzində yanğın baş vermişdi.
FED.az xəbər verir ki, ilkin məlumata görə, elektrik naqillərində yaranan qısaqapanmadan başlayan yanğın qısa zamanda demək olar ki, bütün bazarı əhatə edib.
Eləcə də bax: Bakıda dəhşətli yanğını söndürmək üçün əraziyə helikopter - CƏLB EDİLDİ - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi dərhal 3-cü dərəcəli çağırış edərək əraziyə xeyli sayda texnika və canlı qüvvə, eləcə də, 3 helikopter, eləcə də Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadalarını cəlb edib.
Eyni zamanda, hadisə yerinə 8 təcili tibbi yardım briqadası, xeyli sayda polis əməkdaşları cəlb edilib. Baku TV-nin əməkdaşları gecə saatlarında yanğın baş verən əraziyə baş çəkib, hadisə yerindəki son vəziyyətlə maraqlanıb. Ərazidə çəkiliş aparan zaman tüstülənmə müşahidə edilib. Bu səbəbdən gecə boyunca Yanğından Mühafizə Xidmətinin 3 briqadası yoxlama-nəzarət işləri aparıb.
Ərazidə olan polis əməkdaşları isə oğurluq və digər neqativ halların baş verməməsi üçün xidmət aparıb. Yanğından qalan isə mağazalardakı müxtəlif növ tikinti materiallarının külü və bazarın xarabalığa bənzər qalıqları olub.
Qeyd edək ki, yanğın yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, alovun miqyası böyük olduğundan nazirliyin helikopterləri vasitəsilə 150 tona yaxın su ilə yanğına havadan müdaxilə edilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, əraziyə 8 təcili tibbi yardım briqadası göndərilib. Yanğın zamanı səkkiz nəfərə yerində ilkin tibbi yardım göstərilib. Dörd nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər isə əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Yanğın tam söndürülənədək Bakı-Sumqayıt şossesində hərəkət məhdudlaşdırılıb. Yol hərəkətinin tənzimlənməsi işində DİN Baş DYP İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov şəxsən iştirak edib.
Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
17.07 Bakı şəhəri, Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində baş verən yanğın davam edərkən oğurluq hadisəsi baş verib.
FED.az xəbər verir ki, hadisə yerində olan jurnalistlərin müşahidələrinə əsasən, oğurluğa görə 3 nəfər saxlanılıb.
Eləcə də bax: “EuroHome”da malları yanan sahibkar: Bazarın yarısının - SIĞORTASI YOXDUR
Faktla bağlı araşdırma aparılır.
16.14 “Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub”.
Səhiyyə Nazirliyindən FED.az-a verilən xəbərə görə, saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib: “4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var”.
14.21 Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən "EuroHome” tikinti materialları bazarında söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.
Bu barədə FED.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Eləcə də bax: FHN “EuroHome”da baş verən yanğınla bağlı - MƏLUMAT YAYIB
“Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir”, - deyə Nazirliyin məlumatında qeyd olunub.
12.40 50 minlik ziyana düşdüm.
FED.az xəbər verir ki, bu sözləri yanğında ziyan görən sahibkarlardan biri deyib.
Onun sözlərinə görə, yanğın ilk olaraq kafel-metlax satılan dükanda başlayıb:
“Səhər saat 9 radələrində bildik ki, kafel-metlax satılan dükanlardan birində yanğın var. Tez Fövqəladə Hallar Nazirliyinə zəng etdik. Burada 100-dən çox mağazaya ziyan dəyib.
Mənim özümün 150 min manatlıq malım yanıb-kül olub. Bazarın yarısının sığortası yoxdur, eləcə də, mən də sığortalanmadım.
Nisyə dəftərim vardı. 50-60 minə yaxın alacaqlarım vardı, o dəftər də yandı. Bilmirəm kimdən nə alacam, nə qədər alacam. Heç kim bizə heç nə demir”.
Qeyd edək ki, bazarda yanğınla bağlı təhlükəsizlik siqnalları quraşdırılmayıb.
12.27. Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
FED.az xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.
Eləcə də bax: Nazir müavini: “EuroHome" Ticarət Mərkəzində yanğın - TAM MƏHDUDLAŞDIRILIB”
Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. Hazırda araşdırma işləri davam etdirilir.
Qafqazinfo
12.20 “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının ilkin səbəbi açıqlanıb.
FED.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin sözçüsü Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ilkin ehtimala əsasən, yanğın bazardakı mağazalardan birində başlayıb: “Bazardakı kafel-metlax mağazalarından birində elektrik naqilləri alışıb. Daha sonra alışma digər mağazalara da keçib və yanğın böyüyüb”.
Qeyd edilib ki, artıq yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
11.40 "EuroHome" Ticarət Mərkəzində baş verən yanğın tam məhdudlaşdırılıb”.
FED.az məlumat verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Eləcə də bax: FHN helikopterdən çəkilən görüntüləri yaydı - VİDEO
O qeyd edib ki, yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 250-dən çox canlı qüvvə cəlb olunub.
10.31 Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğın nəticəsində ərazidə olan avtomobillərə ziyan dəyib.
FED.az məlumat verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın baş verən mağazalardan sıçrayan alov avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobil yanıb.
Eləcə də bax: Bakıda dəhşətli yanğını söndürmək üçün əraziyə helikopter - CƏLB EDİLDİ - FOTO/VİDEO
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
FED.az Nazirlikdən verilən açıqlamaya istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
10:48. FHN “EuroHome”-da baş verən yanğının helikopterdən çəkilən görüntüləri yayıb.