Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə biləcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, sərbəst vəsait dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir. Dəyişikliyə görə, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və onların uçotu ayrıca aparılacaq.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçiriləcək.
Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.2.11-ci yarımbəndinə əsasən, sosial sığorta haqları üzrə sərbəst vəsaitin yerləşdirilməsi ilə bağlı investisiya fəaliyyətindən gəlir əldə etmək Fondun hüququdur. Qeyd ediləni nəzərə alaraq, dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi məqsədilə həmin fəaliyyətin hüquqi əsaslarının müəyyən edilməsi üçün “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi zərurəti yaranıb.
Dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər.
Eyni zamanda layihədə sərbəst vəsaitin investisiyaya yönəldilməsi ilə bağlı fəaliyyətin qanundan irəli gələn müvafiq qaydada detallaşdırılması təklif edilir.
Bununla belə layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Respublikasının Mərkəzi bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.
Bu isə Fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.
XXX
“Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
XXX
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması;
1.1.2. məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması – sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının bu Qanunun 14-1-ci maddəsində nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sığortaedənlərə (sığortaolunanlara) ödənilən əvəzsiz maliyyə vəsaitidir;
1.1.3. sərbəst vəsait – dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq;
1.1.4. investisiya gəliri – investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq;
1.1.5. sosial sığorta hadisəsi – sığortaolunana sığorta ödəməsinin ödənilməsi üçün əsas olan bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan hallar;
1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər;
1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər;
1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər;
1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti;
1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti;
1.1.11. dövlət sosial müdafiə fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.”;
1.2. 4-cü maddənin birinci hissəsi, 8-ci maddənin ikinci – beşinci hissələri və 14.1-ci maddə ləğv edilsin;
1.3. 19-cu maddə üzrə:
1.3.1. 19.1-ci maddənin üçüncü cümləsi çıxarılsın;
1.3.2. aşağıdakı məzmunda 19.1-1-ci və 19.1-2-ci maddələr əlavə edilsin:
“19.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.
19.1-2. Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”.
Maddə 2. Keçid müddəa
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsi 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2023-cü il