1995-ci ildən BMT-nin təşəbbüsü ilə hər il dekabrın 19-da dünya ictimaiyyəti Kasıblara Beynəlxalq Kömək Gününü qeyd edir. Birləşmiş Millətlər Təşkilatı "qənaətbəxş həyat tərzinin təmin edilməsi üçün zəruri resursların uzun müddət məcburiyyət üzündən olmaması vəziyyəti” kimi dəyərləndirir. Beynəlxalq ekspertlərin məlumatına görə, XX əsrin axırlarında planet əhalisinin dörddə biri, yəni milyard yarım əhali yoxsulluq həddində idi. Aparılan tədqiqatlar həm də onu göstərib ki, 1999-cu ildən 2007-ci ilə qədər dünyada yoxsulluqdan 300 milyondan çox insan ölüb. Onu qeyd etməyə dəyər ki, hətta iki dünya müharibəsinin nəticəsində bu qədər insan itkisi olmamışdı.
FED.az xəbər verir ki, bununla əlaqədar olaraq BMT yoxsulluğun ləğv edilməsinə yönələn bir neçə proqram qəbul edib. Yoxsulluğun aradan qaldırılması üzrə birinci proqram 2000-ci ilin əvvəllərindən həyata keçirilməyə başlanılsa da, kasıbçılıq həddində yaşayanların sayı azalmır. Dünya iqtisadiyyatı çox sürətlə inkişaf etsə də, zəngin və dəbdəbəli həyat sürənlər kifayət qədər çox olsa da, yoxsulluq yenə də bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır. Yoxsulluq deyəndə söhbət heç də təkcə pulsuzluqdan və ya bir qarın yemək tapmaqdan getmir, buraya işsizlik, evsizlik, təhsil ala bilməmək və lazımi səhiyyə xidmətlərindən uzaq düşmək də daxildir. Dünyanın əksər ölkələrində kasıblara dövlət təşkilatları və beynəlxalq proqramlar vasitəsilə yanaşı, müxtəlif dini və xeyriyyə təşkilatları, eləcə də ayrı-ayrı imkanlı adamlar da yardım göstərir.