"Bakıda qeydiyyatsız yaşayan sakinlərin çoxluğu, əhalinin Bakıya axını uşaqların məktəblərdə rahat yerləşdirilməsi prosesində problemlər yaradır".
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, qeyd olunan səbəblərdən bəzən ibtidai siniflərdə şagirdlərin sayı 40-a çatır: "Valideynlər isə siniflərdə uşaqların sayının çoxluğundan şikayət edirlər. Bizim bu uşaqları qəbul etməməyə haqqımız yoxdur".
M.Vəliyeva qeyd edib ki, Bakıda fəaliyyət göstərən 317 məktəbin yalnız 31-nə şagird qəbulu zamanı ərazi prinsipi qoyulub: "İlk olaraq məktəbin ərazisində yaşayan valideynlərin uşaqlarını həmin təhsil ocaqlarına yerləşdiririk. Həmçinin uşağın bacı-qardaşı seçdiyi məktəbdə oxuyursa, valideynlərindən biri orada işləyirsə, həmin şagirdləri seçdikləri məktəbə qəbul edirik. Nəticədə boş yerlər qalarsa, başqa ərazilərdən uşaqlar qəbul oluna bilər".