May ayında Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib.
FED.az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində monitorinqlərin nəticələrinə görə çirkləndirici qaz qarışıqları sanitar normadan bir qədər çox olub.
“Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur. Tozun miqdarının normadan yuxarı olması, demək olar ki, Bakının bütün rayonlarında tikinti-quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdır.
Eləcə də bax: Bakı otellərində bütün nömrələr - TUTULUB
Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır”.
U.Tağıyeva qeyd edib ki, nəqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel pr., 20 Yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan–Sumqayıt yolunda keçirilmiş monitorinqə görə, azot qazı və dəm qazının konsentrasiyaları normanı aşıb:
“Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də şəhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir. Digər ərazilərlə müqayisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da Neft Emalı zavodunun təsiri ilə bağlıdır.
Bakı şəhəri Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında aparılan monitorinqin nəticələrinə görə, çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə müqayisədə daha yüksək olub.
Təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə - Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürüldü və azot qazı, kükürd qazı, dəm qazı, toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparıldı. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər.
Sumqayıt şəhərində də analoji monitorinqlər həyata keçirilib. Nəticədə Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub.
Ümumiyyətlə, iki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir. Bu, bir daha göstərir ki, istehsalat sahələrində müasir yeni texnologiyaların tətbiqi ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkündür”.
O qeyd edib ki, nazirlik tərəfindən atmosfer havasının daha təmiz olması və insanların sağlam yaşaması istiqamətində sağlamlaşdırıcı tədbirlər davam etdirilir.