Batumidə keçirilən beynəlxalq konfransda Azərbaycanın pensiya təminatı sistemində aparılan islahatlar təqdim olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Gürcüstanın Sosial Xidmət Agentliyinin təşkilatçılığı ilə bu ölkənin Batumi şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.
“Gürcüstan və Avrasiya ölkələrinin pensiya və sosial sığorta sistemlərinin inkişaf perspektivləri” mövzusunda təşkil olunan konfransda nümayəndə heyətinin rəhbəri, Fondun direktoru Zakir Babayev “Azərbaycanın pensiya təminatı sistemində islahatlar” adlı təqdimatla çıxış edib. Təqdimat zamanı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində və informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə şəraitində yaradılmış müasir sığorta-pensiya sistemi barədə məlumat verilib.
Vahid prinsiplər əsasında fəaliyyət göstərən və respublikanın bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən bu sistemin üstünlükləri diqqətə çatdırılıb. Bu sahədə əhaliyə elektron müstəvidə müasir və şəffaf xidmətlərin təqdim olunduğu vurğulanaraq, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində edilən dəyişikliklərdən də bəhs olunub.
Azərbaycanın müasir sığorta-pensiya sisteminə dair məlumatlar, həyata keçirilən islahat tədbirləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Nümayəndə heyəti konfrans çərçivəsində Rusiya Federasiyasının, Qazaxıstanın, Moldovanın, Qırğızıstanın və Tacikistanın sosial sığorta və pensiya qurumlarının rəhbər şəxsləri ilə görüşlər də keçiriblər. Görüşlər zamanı ikitərəfli maraq doğuran məsələlərə dair fikir mübadilələri aparılıb.