Qaxda aztəminatlı ailələr üçün fındıq bağları salınıb. FED.az xəbər verir ki, bu bağın fərqi ondadır ki, buradan gələn gəlir rayonun 5 kasıb ailəsi arasında bölünəcək.
Fındıq bağının salınması üçün Qax rayonu Əmircan bələdiyyəsinin Əmbərçay kəndi ərazisindəki ehtiyat fondu torpağında iki hektar sahə ayrılıb. Aksiya zamanı 200 könüllü gəncin iştirakı ilə ərazidə 1248 fındıq tingi əkilib. Yeni salınan bağ dörd şəhid ailəsi və bir Qarabağ müharibəsi veteranı arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Ailələr fındıq bağına qulluq göstərərək məhsul götürəcək və onun pulunu istifadə edəcəklər.
Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanıb və ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən əlillərə, şəhid ailələrinə göstərilən diqqət və qayğı məqsədi daşıyır.
Noyabr ayında isə kasıb ailələr üçün meyvə bağları Lənkəran, Sabirabad və Beyləqan rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında salınacaq. Xatırladaq ki, yaxın illərdə Azərbaycanda fındıq bağlarının sahəsinin 2 dəfə artırılması nəzərdə tutulur. Bu məqsədlə son iki ildə Qax rayonunda 2 min hektar yeni fındıq bağları salınıb.