Məlumdur ki, təyyarə biletləri nağd şəkildə alındığı zaman baha, onlayn alınarkən isə bir qədər ucuz başa gəlir. Bəlkə də bununla bağlı olaraq, onlayn şəkildə bilet alındıqdan sonra kibertəhlükəsizliyin təmin olunması adı ilə bəzi maneələr ortaya çıxır.
FED.az olaraq bu məsələni dərindən araşdırdıq. Belə ki, məlum olduğu kimi, onlayn olaraq əldə etdiyimiz bilet, nağd şəkildə alınan biletdən, təxminən 15 manat ucuz başa gəlir. Amma onlayn olaraq bilet alsaq bəzi baryerlərlə rastlaşırıq. Əgər kart sahibi olmayan bir tanışımız üçün öz kartımız vasitəsilə təyyarə bileti alırıqsa, AZAL-ın tələbinə görə, həmin bank kartının orijinalını qeydiyyat zamanı hava limanında təqdim etməliyik. Yəni təbii ki, prosedurdan sonra kartı geri götürmək üçün kart sahibi də hava limanına getməli olur.
Məsələyə aydınlıq gətirmək üçün AZAL-ın mətbuat kabibi Paşa Kəsəmənski ilə əlaqə saxladıq. O bildirdi ki, şərtlərə görə, qeydiyyat zamanı kartın orijinalı yox, surəti təqdim olunur:
“Bizdə şərt odur ki, biletin alınmasında istifadə olunan bank kartının surəti sərnişində olmalıdır və qeydiyyat zamanı ehtiyac olarsa onu göstərməlidir.”
AZAL-ın rəsmi saytında isə şərtlər başqa cür göstərilir:
“Kredit kartlarından istifadədə dələduzluq hallarına yol verilməməsi məqsədilə, sizdən xahiş olunur ki, uçuşlara qeydiyyat zamanı qeydiyyatı həyata keçirən hava limanı əməkdaşlarının və ya aviaşirkətin rəsmi nümayəndələrinin tələbi ilə aviabiletlərin alınmasında istifadə edilmiş kredit kartın orijinalını yoxlama üçün təqdim edəsiniz.”
Mərkəzi Bankın 16/3 nömrəli qərarının 7-ci maddəsinin 1, 4 və 5-ci bəndlərinə görə bank kartının təhlükəsizliyi bank ilə müştəri arasında imzalanan müqavilə əsasında təmin olunur. Bank kartına cavabdehliyi kart sahibi, kart sahibindən asılı olmayan hallarda isə bank daşıyır.
Aydın olduğu kimi kartın təhlükəsizliyinə cavabdehliyi nə AZAL, nə də başqa bir qurum həyata keçirməkdə mükəlləf deyil.
AZAL-ın rəsmi saytının başqa bir bölməsində isə belə xidmət təklifi yer alır:
“Başqa şəhərdə yaşayan öz qohumları və ya dostları üçün elektron bilet ala bilər; onlara, şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə onların uçuş hava limanında yalnız qeydiyyat prosedurasından keçmələri kifayət edəcəkdir.”
Əgər AZAL-ın yuxarıda qeyd etdiyimiz şərtlərini nəzərə alsaq bu xidmətin reallaşması qeyri-mümkün görünür.
AZAL-ın “onlayn bilet” labirinti – REPORTAJ
13:24
16 Noy 2017