Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ölkədə innovativ mühitin yaradılması, startap və innovativ sahibkarlığın inkişafı, yeni texnologiyaların geniş yayılması istiqamətində fəaliyyətin təşkili məqsədi ilə Azərbaycanda “İNNOLAND” inkubasiya və innovasiya mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.
Bu barədə FED.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.
“İNNOLAND” mərkəzinin əsas məqsədi startapçılara ideyadan başlayaraq müstəqil şirkətin qurulmasınadək bütün proseslərdə dəstək göstərmək, yerli və xarici investorlarla əlaqələndirmək və rəqabətədavamlı innovativ məhsul və ya xidmətlərin yaranmasına köməklik göstərməkdir.
Bu baxımdan, yeni açılacaq innovasiya və inkubasiya mərkəzi üçün loqo müsabiqəsi elan olunur. Müsabiqənin əsas tələbi mərkəzin məqsədini, innovasiya və startap fəaliyyətinə, iqtisadiyyatın müxtəlif sektorlarına dəstək funksiyalarını vizual olaraq əks etdirən loqoların hazırlanmasıdır. Loqolarda “ASAN xidmət”in loqosuna məxsus elementlərdən istifadə olunması tələb olunmur. Loqo təklifləri ən geci 2018-ci il 10 iyun tarixinə qədər www.ideya.az internet səhifəsi vasitəsilə göndərilməlidir. Qalib loqo 500AZN məbləğində mükafatlandırılacaq.