Bakı Şopinq Festivalı “ASAN Könüllüəri” Gənclər Təşkilatı (AKGT) ilə də əməkdaşlıq edir.
APA-nın xəbərinə görə, festivalın təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) ilə AKGT arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum AKB ilə AKGT arasında əməkdaşlıq və partnyorluq münasibətlərini təmin etməklə, Azərbaycan gənclərində sağlam mühitin formalaşdırılması, gənclərin sağlam dəyərlərə əsaslanan fəaliyyətlərə cəlb olunması ilə onların müxtəlif mənfi təsirlərə məruz qalmamasına nail olmaq, gənclər arasında dövlət iqtisadiyyatına və turizm inkişafına marağın artırılmasını təmin etmək, Bakı Şopinq Festivalı üzrə könüllülük fəaliyyətinin təşviq olunması sahəsində və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.
Əməkdaşlıq proqramı çərçivəsində, birgə layihələrin, konfransların, seminarların təşkili də nəzərdə tutur. Azərbaycan Konqreslər Bürosunun həyata keçirdiyi yerli və beynəlxalq miqyaslı layihələrin, beynəlxalq tədbirlərin təşkilinə, qarşılıqlı razılıq əsasında “ASAN Könüllüəri” Gənclər Təşkilatı cəlb ediləcək.
Birgə əməkdaşlıq ASAN Könüllülərinin gənclərin iqtisadiyyat və turizm inkişafında təcrübə toplamaqları baxımından da əhəmiyyətli olacaq. Bakı Konqreslər Bürosunun ictimai əhəmiyyət kəsb edən təşəbbüsləri “ASAN Könüllüəri” Gənclər Təşkilatı tərəfindən dəstəklənəcək və qarşılıqlı razılaşdırılmış fəaliyyət istiqamətləri üzrə birgə tədbirlər həyata keçiriləcək.