"Azərbaycanın sivilizasiyaların qovuşmasında yerləşməsi, ölkədə minilliklərdən qalan dözümlülük, müxtəliflik dəyərlərinin yetişməsinə yol açıb".
Bu sözləri Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov Bakıda IV Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "UNESCO İpək Yolu onlayn platforması üzrə beynəlxalq şəbəkənin 3-cü görüşü"ndə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan İpək Yolunun tam mərkəzində yerləşir: "Ona görə də Azərbaycan diqqət və ehtiyatla bütün bu təşəbbüslərə dəstək verir. Ölkəmiz bir sıra etnik-dini icmalar üçün ortaq məkandır. Bizim ölkə müxtəlif mədəniyyətlər üçün körpü rolunu oynayır. Bu dəyərləri qorumaq lazımdır və bunun üçün sağlam siyasət tələb olunur. Azərbaycan hökuməti hər zaman çalışır ki, bu ənənələri qorusun və gələcək nəsillərə çatdırsın. Bakı şəhərində və bölgələrdə şərq memarlıq üslublarını görürük. Bunlar Azərbaycanın minillik tarixi mirasına dəlalət edir və İpək Yolu ilə bağlılığını göstərir. Bakı UNESCO və digər təşkilatlarının İpək Yolu ilə bağlı təşəbbüslərinə dəstək verməyə hazırdır".