Vergilər Nazirliyində “Vergilər” qəzetinin təşəbbüsü ilə “Vergi mədəniyyətinin formalaşmasında medianın rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, tədbirdə Vergilər Nazirliyinin struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin və jurnalistlərin ictimai birliklərinin nümayəndələri iştirak ediblər.
“Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev kütləvi informasiya vasitələrinin vergi təbliğatında mühüm rolu olduğunu qeyd edərək, Vergilər Nazirliyinin KİV ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli internet medianın və sosial şəbəkələr sisteminin inkişafı sayəsində informasiya axınının əhəmiyyətli şəkildə çoxaldığını və məlumatların alınması ilə bağlı çətinlik olmasa da, qanunvericiliyə edilmiş dəyişikliklərin şərhi, onların interaktiv şəkildə cəmiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Vergilər Nazirliyinin struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri vergi sistemində aparılan islahatlar, həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər.
“Fins.az” informasiya agentliyinin rəhbəri Əli Əhmədov və “Trend.az” informasiya agentliyinin redaktoru İlahə Məmmədli məlumatların cəmiyyətə çatdırılmasında yeni innovativ metodların tətbiqi, medianın məlumatların əldə edilməsi prosesinin daha da asanlaşdırılması üçün atıla biləcək addımlar barədə danışıblar.
Tədbirdə vergi mədəniyyətinin formalaşması, Vergilər Nazirliyi ilə KİV arasında əlaqələrin daha da dərinləşdirilməsi, vergi təbliğatının qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.