16:54
İtaliyanın mərkəzində baş verən zəlzələ zamanı ölənlərin sayı 40-a yaxınlaşır.
Bu barədə İtaliya Vətəndaş Müdafiəsi Milli Xidmətinin mətbuat katibi İmmakolata Pastilone keçirdiyi mətbuat konfransında deyib.
Əvvəlcə o, ölənlərin sayının 38 olduğunu deyib. İ. Pastilone bildirib ki, 28 nəfər Akkumoli və Amatriçe şəhərləri arasında, 10 nəfər isə Arkuata-del-Toronto ərazisində ölüb.
Konfransın sonuna yaxın isə ölənlərin sayının artdığını əlavə edib. İ. Pastilone bildirib ki, çoxlu sayda insan hazırda itkin hesab olunur və buna görə də ölənlərin sayı arta bilər. Dövlət rəsmisinin sözlərinə görə, təbii fəlakətin dağlıq ərazidə baş verməsi xilasetmə işlərini çətinləşdirir.
*** 12:35
Yeraltı təkanların törətdiyi dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub.
Dağıntılar altında qalanların olduğu, xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilir.
*** 09:00
İtaliyanın mərkəzində baş vermiş 6,1 bal gücündə zəlzələ Amatriçe şəhərində ciddi dağıntılara səbəb olub, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir. Yeraltı təkanlar yerli vaxtla 01.36-da (Bakı vaxtı ilə 05.36-da) qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib. Xilasetmə əməliyyatı üçün onlarla yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Ölənlər barədə hələlik məlumat daxil olmayıb.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Amatriçe şəhərinin meri Sercio Pirozzinin bəyanatında bildirilir. Xatırladaq ki, sonuncu güclü zəlzələ 2009-ci ildə Lakuila şəhərində baş vermişdi və təxminən 300 nəfər həlak olmuşdu.