Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dubai Worlds Ports (DP World) dünyada üçüncü böyük liman operatorudur.
Məlumatına bildirilir ki, Sultan Əhməd bin Sulaim ölkəsinin - Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan iqtisadiyyatına daim töhfə verməyə hazır olduğunu bildirib.
Bakıya müxtəlif ölkələrdən çoxlu sayda turistin gəldiyini bildirən Sultan Əhməd bin Sulaim paytaxtın inkişafına sərmayə qoyulmasının uzaqgörən addım olduğunu vurğulayıb, bu münasibətlə prezident İlham Əliyevi təbrik edib.
Qonaq neft ölkələrinin böhrandan əziyyət çəkdiyi indiki dövrdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə nail olunmasının önəmini vurğulayıb. Sultan Əhməd bin Sulaim bu gün Bakıda Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli iqtisadi zona ilə bağlı imzalanan müqavilənin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini söyləyib.
“DP World” şirkətlər qrupu ilə imzalanan bugünkü müqavilənin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyən dövlət başçısı başlanacaq yeni layihənin əlavə iş yerlərinin açılması və ümumi daxili məhsulun artması sahələrində yeni imkanlar yaradacağına ümidvar olduğunu bildirib.
Son dövrlər Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Körfəz ölkələrindən çoxlu sayda turistin gəldiyini deyən prezident Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi yolunu tutduğunu, respublikamızda sənaye, turizm, nəqliyyat, kənd təsərrüfatı da daxil olmaqla bütün sektorlarda sürətli inkişafa nail olunduğunu, bütün bunların da öz növbəsində neftin qiymətinin kəskin aşağı düşdüyü dövrdə qarşıya çıxan problemlərin aradan qaldırılmasına yaxşı imkanlar yaratdığını vurğulayıb.